GündəmAnalitika

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə davamlı inkişaf edir. Beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyən iki ölkə arasında böyük etimad formalaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Hazırda İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusilə enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Bu baxımdan, İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında 3-cü yerdədir. İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir. TAP layihəsi İtaliyanın qaz tələbatının 10 faizini ödəyir. Lakin həcmlərin artırılması bu göstəriciləri bir qədər də yüksəldəcək. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 9 milyard dollar təşkil edib, cari ildə isə ticarət həcmi 11 milyard dollara çatıb. İqtisadi sahədə əlaqələrin genişləndirilməsi, enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı üçün hər iki ölkənin geniş imkanları mövcuddur. Azərbaycan bu potensialın reallaşdırılması və İtaliya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Hazırda Azərbaycanın bir sıra müəssisələrində İtaliya texnologiyalarından geniş istifadə olunur. İtaliya şirkətlərinin ölkəmizdə həyata keçirilən investisiya layihələrində, yeni sənaye parklarının və məhəllələrinin, aqroparkların, logistik mərkəzlərin yaradılmasında birgə iştirakı müsbət nəticələr verir. İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev bunun iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji – külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətlərini dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb. Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuş oldu. Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button