İsrail Prezidentinin Bakıya səfəri iki ölkənin qarşılıqlı münasibətlərinin daha da dərinlənməsində tarixi əhəmiyyət daşıyır
“Azərbaycanla İsrail arasında qarşılıqlı səfərlər, münasibətlərin daha da dərinləşməsi ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etməsinə təkan verir. İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
“İki ölkə arasında yüksək əlaqələrin daha bir nümunəsi isə Azərbaycanın İsraildə səfirliyinin açılmasıdır. Bu və digər faktlar ölkələrimizin dostluq münasibətlərinin davamlı olaraq güclənməsindən xəbər verir. Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan ilə İsrail arasında dostluq, qarşılıqlı etimad, hörmət və tərəfdaşlığa söykənən əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Onun sözlərinə görə, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Bakıya səfəri iki ölkənin qarşılıqlı münasibətlərinin daha da dərinlənməsində tarixi əhəmiyyət daşıyır. Həmçinin bu səfər İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.