İşğaldan azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən infrastruktur layihələri ölkəmizin iqtisadi potensialının göstəricisidir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqlarına əsasən, ərazilərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması da nəzərdə tutulur.
Azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilib. Xüsusilə də, həmin ərazilərdə kənd təsərrüfatı sahələrinin məhsullarının istehsalı onu göstərir ki, bu sahə iqtisadi fəaliyyət növlərindən biri olacaq. Çünki məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın geri qayıtması baxımından məşğulluğun təmin edilməsi də vacib məsələlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində beynəlxalq səviyyəli üç hava limanının inşasının da sosial-iqtisadi önəmi kifayət qədər böyükdür. Bu hava limanları müxtəlif istiqamətlərə gedən avtomobil yolları ilə inteqrasiya ediləcək. Bununla da xarici turistlərin və ölkəmizin digər bölgələrinin sakinlərinin işğaldan azad edilmiş ərazilərə gəlmələri, eləcə də yüklərin daşınması asanlaşacaq. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla davam etdirilir. Cari ilin sonunadək burada uçuş-enmə zolaqlarının istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində Zəngilanda yeni hava limanının təməlini qoydu. Bundan başqa, daha bir hava limanının Laçın rayonunun ərazisində inşası nəzərdə tutulub.
Sahil Əliyev,
YAP-ın gənc fəalı