İşğaldan azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri arasında su təchizatının bərpası xüsusi yer tutur

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz dağıdılıb, mədəni irsimizə böyük zərbə vurulub, əkin sahələrimiz yararsız hala salınıb, infrastruktur məhv edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, elektrik enerjisi, avtomobil və dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi azad olunmuş ərazilərin inkişafının əsas strateji istiqamətlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri arasında su təchizatının bərpası xüsusi yer tutur. Bu konteksdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları xüsusi əhəmiyyətə malikdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılmasına və 12 min hektar yeni əkin sahələrinin suvarılmasına imkan yaradacaq.
Qarabağ və Şərqi Zəngəzurunın kənd təsərrüfatı üçün yararlı torpaqların, zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması, bütövlükdə, regionun iqtisadi inkişafını sürətləndirəcək. Ən müasir texnologiyaların tətbiqi nəticəsində bu bölgələrdə həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hər şey planlı şəkildə edilir ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq götürülsün.
Azərbaycan dünya xəritəsində kiçik bir yer tutsa da ölkəmizə olan marağın miqyası onun coğrafi ölçülərindən qat-qat böyükdür. Dünya ölkələrinin Azərbaycana olan marağının əsasında isə dövlətimizə, xalqımıza hörmət və rəğbət hissləri dayanır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi