
2025-ci il aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri iki qonşu və dost ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat qarşılıqlı hörmət və əməkdaşlıq ruhunun davam etdiyini və gələcək perspektivlərə böyük ümidlər bəsləndiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında İran Prezidenti Pezeşkianın səfərini yüksək qiymətləndirərək bu ziyarətin ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. O, qeyd etdi ki, Azərbaycan və İran arasında tarixi, dini və mədəni bağlar üzərində qurulmuş münasibətlər bu gün qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlığa çevrilməkdədir. Mətbuat bəyanatında İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini önə çəkdi. Xüsusilə nəqliyyat və logistika sahəsində ortaq layihələrin həyata keçirilməsi regionda ticarət əlaqələrinin inkişafına böyük töhfə verir. Zəngəzur dəhlizinin yaradılması, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində iki ölkənin rolu xüsusi əhəmiyyət kəsb edir. Görüşdə enerji əməkdaşlığı, sənaye əlaqələri və bərpa olunan enerji sahəsində birgə layihələr müzakirə olunub. Həmçinin humanitar və mədəni sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün yeni təşəbbüslərin həyata keçirilməsi qərara alınıb.
Prezident İlham Əliyev, eyni zamanda, İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Prezidentlərin mətbuata verdiyi bəyanatlar həm də regional sülh və sabitlik məsələlərində ortaq mövqelərin mövcud olduğunu göstərdi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qonşuluq siyasətinə və dost münasibətlərə önəm verir və İranla əməkdaşlığın bu ruhda davam etməsini arzulayır. Regionda sabitliyin qorunması üçün dialoq və əməkdaşlıq əsas mexanizmlərdən biri kimi dəyərləndirilir. Məsud Pezeşkianın Prezident kimi Azərbaycana ilk səfəri olması baxımından bu ziyarət xüsusi əhəmiyyət kəsb edir. Səfər, ikitərəfli münasibətlərin yüksək səviyyədə davam etdirilməsi ilə yanaşı, həm də yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Bu səfər göstərdi ki, Azərbaycan və İran münasibətləri qarşılıqlı hörmət, mehriban qonşuluq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanaraq bölgədə sabitliyin və rifahın gücləndirilməsinə töhfə verməyə davam edəcək.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi