
Dövlətin müstəqilliyi və suverenliyi hər şeydən əvvəl onun iqtisadi müstəqilliyindən və maliyyə dayanıqlılığından asılıdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin illər ərzində qazandığı iqtisadi qüdrətin birbaşa nəticəsidir. Güclü iqtisadiyyat həm ordu quruculuğunun, həm də hərbi əməliyyatların müstəqil şəkildə maliyyələşdirilməsinin əsasını təşkil etdi.
Bu güclü iqtisadi modelin və inkişaf strategiyasının memarı məhz Prezident İlham Əliyevdir. Dövlət başçısının həyata keçirdiyi şaxələndirmə siyasəti, enerji layihələri və valyuta ehtiyatlarının qorunması ölkəmizə heç bir xarici asılılıq olmadan hərəkət etmək imkanı verdi. Prezident İlham Əliyev sübut etdi ki, iqtisadi cəhətdən güclü olan dövlət öz haqqını istənilən vaxt tələb edə bilər.
İqtisadi qüdrət təkcə hərbi əməliyyatların deyil, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz bərpa və quruculuq işlərinin əsasını təşkil edir. Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsi dövlətimizin maliyyə imkanlarının nə qədər böyük olduğunu göstərir. Bu, suverenliyin iqtisadi müstəvidə reallaşan ən bariz təzahürüdür.
Dövlət Suverenliyi Günü ölkəmizin iqtisadi müstəqilliyinin və qüdrətinin qürurla qeyd olunduğu əlamətdar bayramdır. Prezident İlham Əliyev tərəfindən yaradılan bu dayanıqlı iqtisadi təməl, müstəqil Azərbaycanın gələcəkdə də sarsılmaz və suveren qalacağını təmin edir.
Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini



