İqtisadi müstəqilliyimiz bizə etibarlı tərəfdaşlar qazandırıb
Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına mühüm töhfə verir. Müstəqillik illərindən bu günədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata yatırılan 300 milyad dollara yaxın investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir. Eyni zamanda hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatıran qüdrətli dövlətə çevrilib. Əlbəttə ki, bütün bunlar həyata keçirilən müstəqil siyasət nəticəsində qazanılan iqtisadi müstəqilliyin, strateji və etibarlı tərəfdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafı nəticəsində reallaşır.
Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi. Bu fikri xüsusi qeyd etdi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Göründüyü kimi, Azərbaycanın təkmil islahatları davamlı iqtisadi inkişafı və maliyyə imkanlarının artmasını şərtləndirir ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafına, həmçinin əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açan mühüm layihələrin icrasını stimullaşdırır. İnvestisiya imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artmasından da aydın görünür. Əsas hədəf Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olduğunu dünyaya nümayiş etdirməkdir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin reytinq göstəriciləri bu hədəfin reallıq olduğunu təsdiqləyir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı