Analitika

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradır

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir və önəmli iqtisadi əlaqələr yaradılır. Ötən il Prezident İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfəri olmuşdur. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etmişdir. Bu səfərlərin olması iki ölkə arasında qardaşlıq münasibətlərinin dərin olmasını bir daha nümayiş etdirir. Cənab prezident İlham Əliyevin Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışı mühüm tarixi əhəmiyyət kəsb edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənmişdir. Son illərdə Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoymuş və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazır vəziyyətdədir. Cənab prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, “Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir”.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilməsi, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verililməsi barədə cənab prezident dəyərli fikirlər söyləmişdir. Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bildirmişdir ki, “Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamaqla etnik təmizləmə siyasəti aparmış və bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratmış və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etmişdir.” Erməni vandalizmi nəticəsində Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur. Ərazi bütövlüyümüz və suverenliyimiz güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edilmişdir. Cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoymuş və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etmişdir.”

Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verdiyini bildirmiş, Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələrin qurulması prioritet istiqamətlərdən olduğunu, həmçinin əməkdaşlıq əlaqələrin sabit qaydada şaxələndiyini və Azərbaycanın ECO-nun fəaliyyətinə töhfələr verdiyini bildirmişdir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi etmişdir. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşmiş, bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilmişdir

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı ilə üzv olan dövlətlərlə Azərbaycanın geniş iqtisadi əlaqələri və dostluq münasibətləri mövcuddur. Azərbaycan əhəmiyyətli təşəbbüslər irəli sürərək Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Qeyd etməliyik ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstərmişlər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə göstərmişdir. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olmuşdur. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəalar öz əksini tapmışdır.

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərlə sıx əməkdaşlıq etməsi iqtisadi potensialımızı daha da artırır və yeni layihələrin həyata keçməsinə şərait yaradır.

Mirnağı Nəzərli,
Xəzər rayonu, Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button