AnalitikaGündəm

İqlimin döyünən ürəyi – COP29

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb. COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 gələn ay Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Nazir qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.

Artıq 32 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib. Bunu COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova açıqlayıb. Azərbaycan Prezidenti İlham Əliyev də hökümətin COP29-la bağlı keçirdiyi ilk iclasda deyib ki, Bakı iki həftə ərzində təqribən 70-80 min xarici qonağı qarşılayacaq. COP29-un Fəaliyyət Gündəliyinə start verən qurumun müəyyən edilmiş Prezidenti Muxtar Babayev bunları bildirib: “Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməyimiz üçün dünya ictimaiyyətinin bizə olan etimadından şərəf duyur. Lakin Azərbaycan tək bir ölkədir və biz iqlim böhranını təkbaşına həll edə bilmərik. Biz hər bir iştirakçını ilhamlandırmağa və öhdəlik və qətiyyətlə nələrə nail olmağın mümkün olduğunu göstərməyə çalışır, fərdi töhfənin dəyərini heç vaxt kiçiltmirik. Hər kəsə xatırlatmaq istərdik ki, hətta bu cür böyük problem fonunda hər bir fəaliyyət mühüm əhəmiyyət kəsb edir, çünki bir kiçik damla bir böyük ümman yaradar.”

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, – deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bu prioritetlər qəbul edilənə qədər 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. 2022-ci il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb. Həmçinin 2022-ci il dekabrın 15-də Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 qiqavatadək layihələrin araşdırılmasını və reallaşdırılmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin təqribən 12 qiqavatı FFI şirkəti, təqribən 10 qiqavatı “Masdar” şirkəti, bir hissəsi isə “ACWA Power” şirkəti tərəfindən istehsal olunacaq. Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. İqlim dayanıqlığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü: Bu təşəbbüsün əsas məqsədi təhsil, sağlamlıq, iş yerləri, biliklər, bacarıqlar, uşaqlar və gənclər məsələlərinə məsul olan sahələr arasında sinerjinin təmin edilməsi, insan inkişafının iqlim fəaliyyəti ilə sıx əlaqələndirilməsi və iqlim naminə bu sahədə qlobal strateji əməkdaşlığın başlanmasına təkan verməkdir.

Bununla yanaşı, bu qlobal təşəbbüs bu sahədə COP-dan COP-a davamlılığın yaradılmasına və təhsil standartları vasitəsilə ekoloji savadlılığın artırılmasına və PISA kimi qlobal qiymətləndirmə alətlərinə iqlim ölçüsünün inteqrasiyasına yardım edəcək. Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir.

Təhmasib Məmiyev,
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button