
Bu gün dünyada iqlim dəyişikliyi artıq yalnız elmi müzakirə mövzusu deyil, qlobal təhlükəsizlik və inkişaf məsələsinə çevrilmişdir. Planetin müxtəlif bölgələrində müşahidə olunan kəskin iqlim dəyişmələri, yağıntı rejiminin pozulması, quraqlıqların artması, su ehtiyatlarının azalması bir çox ölkələri ciddi problemlərlə üz-üzə qoymuşdur. Xüsusilə su təhlükəsizliyi məsələsi XXI əsrin ən aktual çağırışlarından biri kimi ön plana çıxır. Artıq bir sıra dövlətlərdə içməli su qıtlığı, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, sənayenin fasilələrlə işləməsi kimi fəsadlar açıq şəkildə hiss olunur.
Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın bu sahədə vaxtında və strateji yanaşmaya əsaslanan addımlar atması ölkəmizin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Son onilliklər ərzində dövlətimizin həyata keçirdiyi ardıcıl və sistemli su təsərrüfatı siyasəti göstərir ki, iqlim dəyişikliklərinin yaratdığı risklər qabaqcadan nəzərə alınmış, su təhlükəsizliyi məsələləri kompleks şəkildə həll edilmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bir çox ölkələrdən fərqli olaraq su böhranı ilə üzləşməmişdir.
Son 20 il ərzində ölkədə reallaşdırılan irimiqyaslı infrastruktur layihələri su ehtiyatlarının qorunması və səmərəli idarə olunması baxımından xüsusi yer tutur. Yeni su anbarlarının tikintisi, mövcud anbarların yenidən qurulması və potensialının artırılması, kanalların, kollektor-drenaj sistemlərinin bərpası və yenilərinin inşası bu sahədə görülən işlərin yalnız bir hissəsidir. Halbuki həyata keçirilən tədbirlərin miqyası sadalananlarla məhdudlaşmır və çoxşaxəli xarakter daşıyır.
Əgər bu addımlar vaxtında atılmasaydı, bu gün ölkəmizin su təhlükəsizliyi ilə bağlı vəziyyət tamamilə fərqli ola bilərdi. İqlim dəyişikliklərinin təsiri nəticəsində yağıntıların azalması, çayların su səviyyəsinin aşağı düşməsi, transsərhəd su mənbələrindən asılılığın artması fonunda Azərbaycan ciddi çətinliklərlə üzləşə bilərdi. Lakin dövlət siyasətində bu risklər öncədən qiymətləndirilmiş və qabaqlayıcı tədbirlər görülmüşdür.
Bu gün həyata keçirilən su siyasətinin əsas məqsədi əhalinin, sənayenin və kənd təsərrüfatının dayanıqlı su ilə təmin olunmasıdır. İçməli su layihələrinin genişləndirilməsi, regionlarda su təchizatı sistemlərinin yenilənməsi əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda sənaye sahələrinin fasiləsiz fəaliyyəti üçün stabil su mənbələrinin yaradılması iqtisadi inkişafın mühüm şərtidir. Kənd təsərrüfatında isə suvarma sistemlərinin modernləşdirilməsi ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə birbaşa töhfə verir.
Su mənbələrinin qorunması məsələsi də dövlət siyasətinin əsas prioritetlərindən biridir. Mövcud su ehtiyatlarının çirklənmədən mühafizəsi, suların səmərəli istifadəsi, itkilərin minimuma endirilməsi məqsədilə müasir texnologiyaların tətbiqi bu sahədə mühüm rol oynayır. Su ehtiyatlarının uçotunun tam şəkildə aparılması isə idarəetmədə şəffaflığın və dəqiqliyin təmin olunmasına imkan yaradır.
Xüsusilə su anbarlarının mövsümi idarə olunması məsələsi strateji əhəmiyyət kəsb edir. Yağıntılı mövsümlərdə suların yığılması və ilin digər dövrlərində bu ehtiyatlardan planlı şəkildə istifadə edilməsi iqlim dəyişikliklərinin mənfi təsirlərinin neytrallaşdırılmasına xidmət edir. Bu yanaşma həm quraqlıq dövrlərində riskləri azaldır, həm də su ehtiyatlarının uzunmüddətli qorunmasını təmin edir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın su təhlükəsizliyi məsələləri təsadüfi deyil, düşünülmüş və uzunmüddətli strategiyaya əsaslanır. Bu strategiya yalnız bugünkü tələbatı deyil, gələcək nəsillərin maraqlarını da nəzərə alır. Dövlətin bu sahədə həyata keçirdiyi siyasət milli təhlükəsizliyin, iqtisadi dayanıqlığın və sosial rifahın mühüm tərkib hissəsidir.
Nəticə etibarilə, dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlıqların artdığı bir dövrdə Azərbaycanın su təhlükəsizliyi sahəsində gördüyü işlər ölkəmizin nə qədər doğru yolda olduğunu bir daha sübut edir. Vaxtında atılan addımlar, yaradılan infrastruktur və sistemli yanaşma sayəsində bu gün su məsələləri ölkəmiz üçün böhran deyil, idarə olunan və planlı şəkildə həll edilən bir sahədir. Bu isə Azərbaycanın davamlı inkişaf modelinin əsas sütunlarından biri kimi xüsusi əhəmiyyət kəsb edir.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



