AnalitikaGündəmSiyasət

İlham Əliyevin Xocavənd səfərləri: azad edilmiş torpaqlarda yeni həyatın qurulması

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocavənd rayonuna səfərləri Qarabağın işğaldan azad edilməsindən sonra regionda həyata keçirilən bərpa və quruculuq prosesinin mühüm mərhələlərini əks etdirir. Dövlət başçısının müxtəlif illərdə Hadrut qəsəbəsində, Tuğ kəndində, Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində və digər yaşayış məntəqələrində olması burada görülən işlərin miqyasını və qarşıya qoyulan inkişaf məqsədlərini əyani şəkildə nümayiş etdirir.

Xocavənd rayonunun tarixində dönüş yaradan hadisələrdən biri 2020-ci il Vətən müharibəsi oldu. Hərbi əməliyyatlar nəticəsində rayonun Hadrut qəsəbəsi və bir sıra kəndləri işğaldan azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra isə rayonun digər yaşayış məntəqələri, o cümlədən Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsi üzərində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Bu hadisələrdən sonra qarşıda daha geniş və uzunmüddətli vəzifə — dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması və insanların öz doğma yurdlarına qaytarılması dururdu.

Prezident İlham Əliyevin Xocavəndə ilk mühüm səfərlərindən biri 2021-ci il oktyabrın 9-da baş tutdu. Dövlət başçısı həmin səfər zamanı Hadrut qəsəbəsində və Tuğ kəndində olub, müxtəlif infrastruktur layihələri ilə tanış olub. Hadrutda yeni məscidin təməli qoyulub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan işlərə baxış keçirilib. Həmçinin 35 kilovoltluq “Hadrut” yarımstansiyasının təməli qoyulub. Bu layihələr işğaldan azad edilmiş ərazilərin nəqliyyat və enerji sisteminin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Həmin səfərdə Prezident Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Daha sonra Tuğ kəndinə gedilib. Tuğ Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan yaşayış məntəqələrindən biridir. Kəndin bərpası zamanı tarixi irsin qorunması, yeni infrastrukturun yaradılması və turizm potensialından istifadə imkanları mühüm istiqamətlər sırasında yer alır.

2023-cü il mayın 4-5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonuna səfəri də bərpa prosesinin mühüm mərhələlərindən biri oldu. Səfər zamanı Tuğ kəndində İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməli qoyuldu. Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq keçirildi və ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimi təşkil edildi.

Bu layihələrdən görünür ki, Xocavəndin gələcək inkişafı yalnız ayrı-ayrı binaların yenilənməsi ilə məhdudlaşdırılmır. Yaşayış məhəllələri, məktəblər, inzibati obyektlər, yollar və enerji infrastrukturu birlikdə qurulur. Belə yanaşma insanların doğma yerlərinə qayıtdıqdan sonra gündəlik həyatlarını normal şəkildə davam etdirmələri üçün zəruri şəraitin yaradılmasına hesablanıb.

Xocavənd rayonunun bərpasında Hadrut qəsəbəsi xüsusi yer tutur. Hadrut 2020-ci il müharibəsi zamanı azad edilmiş ilk yaşayış məntəqələrindən biri kimi Azərbaycanın Zəfər tarixində mühüm mövqeyə malikdir. Burada aparılan quruculuq işləri qəsəbənin gələcək simasının formalaşdırılmasına yönəlib. Yeni yaşayış məhəlləsinin salınması, məktəb və yol infrastrukturunun yenilənməsi, enerji təminatının yaxşılaşdırılması Hadrutun müasir yaşayış məkanına çevrilməsinə xidmət edir.

Prezidentin 2021-ci ildə Hadrutda olması zamanı yolların tikintisi ilə bağlı layihələrə xüsusi diqqət yetirilməsi də təsadüfi deyildi. Nəqliyyat əlaqələrinin bərpası işğaldan azad edilmiş ərazilərin inkişafının əsas şərtlərindən biridir. Yollar yaşayış məntəqələrini bir-biri ilə birləşdirməklə yanaşı, insanların hərəkətini, yükdaşımaları və iqtisadi fəaliyyətin genişlənməsini asanlaşdırır. Xocavəndin Füzuli, Cəbrayıl və digər rayonlarla əlaqələrinin yaxşılaşdırılması bölgənin vahid iqtisadi məkan kimi inkişafı baxımından əhəmiyyətlidir.

2023-cü ilin dekabrında dövlət başçısının Xocavənd rayonuna növbəti səfəri baş tutdu. Dekabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırmızı Bazar qəsəbəsində və Şıx Dursun kəndində olublar. Həmin səfər 2023-cü ilin sentyabr hadisələrindən sonra rayonun yaşayış məntəqələrində vəziyyətin yerində qiymətləndirilməsi baxımından mühüm idi.

Qırmızı Bazar qəsəbəsi Xocavənd rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Rəsmi məlumatlara əsasən, qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycanın nəzarətinə keçmişdir. Qəsəbənin mühüm yolların kəsişməsində yerləşməsi, təbii sərvətləri, meşə zolaqları və su ehtiyatları onun gələcək inkişaf imkanlarını artıran amillər sırasındadır. Kənd təsərrüfatı və turizm üçün mövcud imkanlar da iqtisadi fəaliyyətin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Şıx Dursun kəndinə səfər zamanı isə ərazinin tarixi və mədəni irsi ilə bağlı məkanlara diqqət yetirildi. Burada “Çinar müqəddəs yer” abidə kompleksinin yerləşməsi Xocavəndin yalnız təbii sərvətləri ilə deyil, tarixi-mədəni dəyərləri ilə də zəngin olduğunu göstərir.

2023-cü ilin dekabrında Xankəndi, Xocavənd, Şuşa və Xocalıya səfər zamanı Prezidentin bölgədə müxtəlif yaşayış məntəqələrinə baş çəkməsi Qarabağın bərpasının vahid proqram çərçivəsində həyata keçirildiyini göstərirdi. Xocavənddə Qırmızı Bazar və Şıx Dursun, digər səfərlərdə isə rayonun müxtəlif əraziləri diqqət mərkəzində olub.

Xocavəndin inkişafında tarixi-mədəni irsin qorunması mühüm məsələlərdən biridir. Tuğ kəndi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kəndin tarixi simasının qorunması ilə yanaşı, yaşayış və turizm imkanlarının yaradılması nəzərdə tutulur. Tuğda inzibati mərkəzin və yaşayış məhəlləsinin yaradılması kəndin gələcəkdə həm sakinlərin yaşayış yeri, həm də Qarabağın mədəni-turizm marşrutlarının mühüm məkanlarından biri kimi inkişaf etdirilməsi üçün zəmin yaradır.

Ənvər Bayramov,
YAP Xətai rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button