İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər. İki dost ölkənin liderləri müxtəlif beynəlxalq və regional platformalarda da müntəzəm olaraq görüşür, aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparır, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı yeni təşəbbüslər irəli sürürlər.Şavkat Mirziyoyev dövlət başçısı seçildikdən sonra xarici ölkələrə ilk səfərini məhz Azərbaycana edəcək – yaxın günlərdə onun ölkəmizə səfərə gələcəyi gözlənilir. Bütün bunlar Azərbaycanda və Özbəkistanda həm liderlər, həm də cəmiyyətlər səviyyəsində qarşılıqlı münasibətlərin dərinləşməsinə necə böyük önəm verildiyini əyani şəkildə təsdiqləyir.Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən söhbət açarkən birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. Cari il iyulun 18-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclası keçirilib. Tədbirdə bildirilib ki, iqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. Qonaqlara Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin biznesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanmağa dəvət ediliblər. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, iqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.Getdikcə dərinləşən Azərbaycan-Özbəkistan əlaqələrini sıx bağlılıq əsasında qurulan möhkəm dostluq münasibətləri kimi səciyyələndirə bilərik. Bu münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. Liderlər arasındakı səmimi münasibətlərdən də göründüyü kimi, iki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir.Özbəkistanı “daim Azərbaycanın yanında olan ölkə” kimi də adlandıra bilərik. Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Özbəkistan tərəfi Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiqləyib.
Aynur Həsənova,
YAP-ın gənc fəalı