Siyasət

İlham Əliyev Litva Prezidenti ilə görüşdü

Prezident İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

Aktualinfo.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Litva Prezidenti Gitanas Nauseda Azərbaycana ötənilki səfərini məmnunluqla xatırladı, səfər əsnasında ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair Prezident İlham Əliyev ilə geniş müzakirələr apardığını qeyd edib. Prezident Gitanas Nauseda Prezident İlham Əliyevi Litvaya səfərə dəvət edib.

Səfərə dəvəti məmnunluqla qəbul edən dövlət başçısı Litva Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu vurğulanıb. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edilib.

Oxşar Xəbərlər

Back to top button