İlham Əliyev Almaniya Federativ Respublikasında
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdə olub. İlk öncə Prezidentimizin Almaniyada yüksək səviyyədə qarşılandıqdan sonra, keçirilən görüşlərin əhəmiyyətindən danışmaq istərdim. Almaniya iqtisadi güc baxımından dünya liderlərindəndir. Almaniyanın ÜDM-i (Ümumi Daxili Məhsul) 3.332 milyard dollara bərabərdir. Bu göstəriciyə görə Almaniya Avropada birinci, dünyada isə 4-cü yeri tutur. Qeyd etmək yerinə düşər ki, Almaniya ixrac həcminə görə dünyada Çindən sonra ikinci yeri tutur. Təkcə bu qeydlər kifayət edər ki, uzaqgörən, güclü siyasi bacarığa malik Prezidentimiz İlham Əliyevin Almaniyanın aparıcı şirkət rəhbərləri ilə görüşünün əhəmiyyətini anlayaq. Şirkət rəhbərləri ilə görüş zamanı İlham Əliyev bildirmişdir: “Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biridir. Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.
Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub”. Azərbaycanın Avropa üçün əhəmiyyətindən bəhs edən Prezident,Avropanın Azərbaycanı tərəfdaş kimi görməsini də yüksək qiymətləndirmişdir. Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.
Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var”.
Almaniyanın külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yeri tutmasını yaxşı bilən Prezidentimiz şirkət rəhbərlərinə Azərbaycanın bərpaolunan enerji potensialından bəhs etmişdir: “Bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir”.
Prezident İlham Əliyev çox incəliklə Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərindən,geniş potensialından və gələcək planlarından bəhs etdi. Hər bir çıxışında Qarabağ həqiqətlərinə yer verən İlham Əliyev bu görüş zamanıda erməni vandalizminin Qarabağda yaratdığı son vəziyyətdən,Qarabağın potensialından geniş bəhs etdi: “Təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan biridir. Bizim hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur.
Azərbaycan tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək”.
Prezidentimiz Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında mətbuat nümayəndələrinin qarşısında çıxış etmişdir. Çıxış zamanı Prezident “Almaniya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğundan söz açmışdır: “Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.
Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilibsə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Gələcək illərdə ölkəmiz ixrac coğrafiyasını Avropada genişləndirmək niyyətindədir.Almaniya biznesi tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır.Bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.
Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür.İki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur. Vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsi 2020-ci il noyabrın 8-də Şuşada qoyuldu.
Sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır”.
Kansler Olaf Şoltsun da öz növbəsində çıxış edərək demişdir: “Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir. Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik.Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir. Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.”
Səmayə Nəcəfova,
Xəzər rayonu, 322№-li tam orta məktəbin müəllimi