İkitərəfli görüş
Ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artıq yeni mərhələyə qədəm qoyub. Vətən müharibəsindəki tarixi Qələbəmiz ölkəmizin həm Mərkəzi Asiyada, həm Türk-İslam dünyasında, eləcə də dünya birliyində mövqeyini daha da möhkəmləndirib. Son vaxtlar bu istiqamətdə böyük canlanma müşahidə olunur. Hazırda Azərbaycanın yeritdiyi xarici siyasətin əsas prioritetini birgə əməkdaşlıq istiqamətində atılan addımlar təşkil edir. Bir neçə ildir ki, dünyada baş verən proseslər də dövlətlərdən ümumi səylər göstərmək zərurətini tələb edir.
Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya, həmçinin Türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının və hökümət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin daha da möhkəmləndirilməsindən xəbər verir. Ümumiyyətlə, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir. Prezident İlham Əliyev çıxışlarında indiki geosiyasi vəziyyətdə qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşməyin vacib olduğunu bildirdi. Bu baxımdan, Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dövlət səfəri və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması yüksək dəyərə malikdir.
Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələrimiz mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Bu baxımdan qeyd etməliyik ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti işgüzar səfəri münasibətlərin dinamik inkişafı baxımından olduqca önəmlidir.
Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulub. İki ölkə arasında əlaqələr, əsasən, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olub. Ölkələr arasında əməkdaşlıq, eləcə də rəsmi münasibətlər getdikcə səfirlik səviyyəsinə yüksəlmişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında Səfirliyi təsis edilmişdir.. Bundan sonra parlamentlərarası, eləcə də siyasi, iqtisadi, mədəni əlaqələr sahəsində əsaslı dönüş yaradılmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri daha da möhkənləndirmiş, əlaqələri genişləndirmişdir. Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. Bütün bunlar br daha təsdiqləyir ki, Azərbaycan- Tacikistan dostluğu getdikcə daha da möhkəmləndirilir.
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşdən sonra mətbuta verdiyi bəyanatda da bunu təsdiqlədi. Qeyd etdi ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Tarixi faktlar da təsdiqləyir ki, o vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Tacikistan Prezidenti, həm də ulu öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.
Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın vacib sahələrini əhatə edən bir çox sənədlər imzalandı Sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilib; Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. İmzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin və Tacikistan arasında imzalanan sənədlər iki ölkə , eləcə də respublikamızın Mərkəzi Asiya və Türk dövlətləri ilə əlaqələri yeni mərhələyə yüksəldib.
Şamxalova Vüsalə,
Xəzər rayonu, 322№li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi