Analitika

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam zəfəri ilə nəticələndi

Xankəndidə keçirilən hərbi parad dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Zəfər günün də təşkil olunmuş bu möhtəşəm paradı hər bir azərbaycanlı milli qürur və fəxarət hissi ilə izlədi. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ailə üzvləri ilə birlikdə həmin paradda iştirak etməsi onun qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi. Silahlı Qüvvələrimizin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri hər bir soydaşımızı qürurlandırdı. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı işğalçı erməni hərbi birləşmələrindən müsadirə olunmuş hərbi texnikaların kiçik bir qisminin qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi həm Ermənistana, həm də onun havadarlarına göz dağı oldu.

Bu unudulmaz mənzərə Azərbaycanın dünyada qalib ölkə olduğunu bir daha təsdiqlədi. Xankəndəki hərbi parad həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu: “Bir də başınızı qaldırıb Azərbaycan ərazisinə soxulmaq istəsəniz, aqibətiniz bundan da pis olacaq. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Heç bir dövlət də Azərbaycanın daxili işlərinə qarışa və ərazisinə göz dikə bilməz”. Antiterror tədbirləri zamanı müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhənin meydana gətirilməsi Ermənistan ordusunun məğlubiyyətinin nümayişi idi.

Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində onun verdiyi vədlərin layiqincə yerinə yetirdiyinin şahidi olmuşuq. İşğal altında olan ərazilərimizin azad edilməsi, keçmiş məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqları barədə vədi hər kəsə xəyal kimi görünürdü. Çünki həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə təklənir, Ermənistanın isə havadarlarınn sayı getdikcə artırdı. İyirmi il əvvəl belə mürəkkəb və çətin bir dövrdə cənab İlham Əliyev Prezident kimi andiçmə mərasimində söz vermişdi ki, gün gələcək, biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Həmin gün yetişdi. Artıq işğal altında olan torpaqlarımız düşməndən azad edilib.Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazisi tam bərpa edildi. İndi işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Xankəndi paradı şanlı Zəfərimizin pik nöqtəsi oldu.

Bütün bunların əsasını prezident, müzəffər ordunun Ali Baş komandanı Cənab İlham Əliyevin siyasi və iqtisadi sahədə apardığı uğurlu islahatların nəticəsidir. Siyasi müstəvidəki düşünülmüş strategiya nəticəsində dünya birliyi artıq Azərbaycanın haqlı tərəf olduğunu dərk etdi. Beləliklə, Müzəffər Ali Baş Komandanımızın qəbul etdiyi Xankəndi paradı dünyaya həm gücümüzü, həm də sahiblik haqqımızı göstərdi. Hamı gördü ki, Xankəndinin əsl sahibi bizik!!!

Rabiyə Osmanova,
Xəzər rayonu, Ə.Quliyev adına 121№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button