
Azərbaycan ilə Türkmənistan arasında əsrlər boyu formalaşmış dostluq münasibətləri bu gün dövlətlərarası əməkdaşlığın ən mühüm dayaqlarından biri kimi çıxış edir. Ortaq tarix, dil, milli-mənəvi dəyərlər və mədəni yaxınlıq iki qardaş xalqı bir-birinə daha da sıx bağlayır. Məhz bu həmrəylik müasir dövrdə münasibətlərin davamlı inkişafına və gələcəyə inamın möhkəmlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə keçirdiyi görüşlər zamanı da bu qardaşlıq münasibətlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı hörmət və etimad xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda humanitar və mədəni əməkdaşlıqda da öz əksini tapır.
Azərbaycan və Türkmənistan müxtəlif beynəlxalq platformalarda da ortaq maraqlardan çıxış edərək bir-birini dəstəkləyirlər. Qarşılıqlı etimada əsaslanan bu yanaşma regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Dövlətlərin beynəlxalq hüququn prinsiplərinə sadiqliyi və əməkdaşlığa verdikləri önəm gələcək münasibətlər üçün etibarlı zəmin yaradır.
Qardaş xalqlar arasında həmrəyliyin ən bariz nümunələrindən biri də Qarabağın bərpasına göstərilən mənəvi dəstəkdir. Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi ortaq dini və mənəvi dəyərlərə verilən yüksək qiymətin ifadəsidir. Bu addım iki xalq arasında dostluğun yalnız sözlə deyil, əməli işlərlə də təsdiqləndiyini göstərir.
Mədəniyyət, elm, təhsil və gənclər siyasəti sahələrində həyata keçirilən birgə layihələr də xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Qarşılıqlı səfərlər, mədəni tədbirlər və ortaq layihələr gələcək nəsillərin dostluq ruhunda yetişməsinə xidmət edir. Bu isə münasibətlərin uzunmüddətli inkişafını təmin edən mühüm amillərdəndir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan türk dünyasında birliyin və həmrəyliyin möhkəmlənməsinə xüsusi önəm verir. Türkmənistanla münasibətlərin inkişafı da bu strateji yanaşmanın uğurlu nəticələrindən biridir. Birgə fəaliyyət yeni iqtisadi, siyasi və humanitar imkanlar yaradır.
Bu gün Azərbaycan və Türkmənistan arasında mövcud olan həmrəylik təkcə bugünkü münasibətlərin deyil, həm də gələcək uğurların əsas təminatıdır. Qardaş xalqların qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf etdirdiyi əməkdaşlıq bundan sonra da daha da möhkəmlənəcək, regionun sabitliyinə və hər iki dövlətin tərəqqisinə mühüm töhfələr verəcəkdir.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



