İki ölkə arasında əməkdaşlıq yüksələn xəttlə inkişaf edir
Macarıstan Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 27-də yaradılıb. Müxtəlif vaxtlarda iki ölkə başçılarının görüşü Azərbaycan ilə Macarıstan arasında əlaqələrin müxtəlif sahələr üzrə genişlənməsinə, bu gün isə yeni səviyyəyə qədəm qoymasına səbəb olub.Ulu Öndər Heydər Əliyevin Macarıstan nümayəndə heyətləri ilə 2003-cü il oktyabrın 21-də, 2006-cı il yanvarın 22-24-də,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 18-19-u görüşləri iki ölkə arasındakı əlaqələri möhkəmləndirmək üçün çox mühüm addımlar hesab edilir. Son olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanilə yanvarın 30-da Budapeştdə geniş tərkibdə görüşü bu dostluq və əməkdaşlığı ən yüksək səviyyəyə çatdırıb. Görüş zamanı bir sıra məsələlərə toxunulub. Ancaq ən başlıca məsələ enerji məsələsi olub. Bu qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir.
Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Artıq Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bu iki ölkə arsında çox mühüm bir hadisədir və bu cür müqavilələr iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək.
Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlar var. Artıq dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
Eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Çünki şəhərsalma istiqamətində Macarıstanın çox böyük təcrübəsi var və biz bu təcrübədən yararlanmaq istəyirik.On min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.
Əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.
Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Çox sevindirici haldir ki, bu sənəd nəticəsində Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis ediləcək. Buda öz növbəsində mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat sahələrinə öz təsirini göstərəcək. Azərbaycan dost ölkələrdir, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün bir çox ölkələrlə əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.
Gülnar Hüseynzadə,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi