Analitika

İki dövlət başçısının müntəzəm görüşləri əlaqələrimizin inkişafına mühüm zəmindir

Özbəkistan həmişə Azərbaycanla hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verib və bu gün də həmin siyasəti davam etdirir. Azərbaycan mühüm geosiyasi və iqtisadi əhəmiyyətə malik Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır. Zaman göstərdi ki, ölkələrimiz arasında əlaqələr böyük perspektivə malikdir və bu əməkdaşlıq regionda uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə, xalqlarımızın adət-ənənə, dil, mədəniyyət və din yaxınlığına əsaslanır. İkitərəfli əlaqələrimiz aydın müəyyən olunmuş strateji prioritetlərə və istiqamətlərə malikdir. Bu da öz növbəsində qarşılıqlı etibara dayanır. Bu kontekstdə qeyd etmək lazımdır ki, Özbəkistan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir və hesab edir ki, başlıca şərtlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təminatıdır. Biz də öz növbəmizdə Azərbaycan tərəfin Mərkəzi Asiyanın regional problemlərinə münasibətdə tutduğu mövqeyi yüksək qiymətləndiririk. Bizi xüsusilə bu fakt sevindirir ki, son illər Özbəkistanla Azərbaycan arasında əlaqələr böyük inkişaf impulsu alıb və strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Əgər diqqət yetirsək, görərik ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin olmadığı elə bir sahə yoxdur. Şübhəsiz ki, dövlətlərarası münasibətlərin yüksək həddə çatmasında Azərbaycan və Özbəkistan liderləri arasında yaranmış möhkəm və etibarlı dialoq əsas faktordur. İki dövlət başçısının müntəzəm görüşləri əlaqələrimizin inkişafına mühüm zəmindir. Mədəni-humanitar sahədə əməkdaşlıq bizim əlaqələrimizdə əsas prioritetlərdən biridir. Mənim fikrimcə, turizm həm də xalq diplomatiyasının vacib elementidir. Bu baxımdan biz turizm sahəsində əməkdaşlıq etməklə xalqlarımızın bir-birini daha çox tanımaları üçün də əlverişli zəmin yaradarıq. Ölkələrimiz arasında turizm sahəsində aktiv əməkdaşlıq var. Məsələn, “Uzbekiston Xavo Yullari” milli aviaşirkəti Daşkəndlə Bakı arasında həftədə üç dəfə reyslər həyata keçirir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu reyslər, demək olar ki, 100 faizlə yerinə yetirilir. Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib.Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button