
27 sentyabr 2020 tarixində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması, II Dağlıq Qarabağ müharibəsi adlandırdığımız geniş miqyaslı müharibəyə çevrilməsi və Azərbaycanın müvafiq hərbi qələbəsindən sonra bu müharibənin başladılmasının ədalətli olub-olmaması haqqında müxtəlif fikirlər mövcud idi. II Qarabağ Müharibəsi başlamazdan az əvvəl, 2020-ci ilin 12-23 iyul tarixləri arasında Dağlıq Qarabağ sərhədlərindən xeyli uzaqda, Tovuz (Azərbaycan) və Tavuş (Ermənistan) sərhəddində iki ölkə arasında qanlı toqquşmalar yaşandı. Hətta Ermənistanın eks-prezidenti Serj Sarkisyan ArmNews TV-yə müsahibəsində münaqişəni erməni tərəfinin başlatdığını etiraf etmişdi. Azərbaycan da bütün beynəlxalq və hüquqi instansiyalara özünün hücuma məruz qalan tərəf olduğunu və beləliklə BMT Nizamnaməsinin 51-ci maddəsindən doğan özünü-müdafiə haqqına sahib olduğunu iddia etmişdir. 51-ci maddə dövlətlərə hücuma məruz qaldıqdan dərhal sonra BMT TŞ-yə xəbərdarlıq edib Şuranın müvafiq məsələyə dair qərarı qüvvəyə minənə kimi arada qalan zaman zərfində əks-hücum etmək haqqı tanıyır, hücumun üstündən 30 il keçdikdən sonra deyil. Bununla belə 2020-ci ilin iyul hadisələri, yəni Ermənistanın Azərbaycana hücumu Azərbaycanın 51-ci maddəyə istinad haqqını təkrar gündəmə gətirərək legitimləşdirmişdir. Ermənilər 27 sentyabrda hücuma birinci Azərbaycanlıların başladığını iddia etmələri isə Azərbaycanın 51-ci maddəyə istinad etmək haqqını əlindən almaq və məsuliyyəti öz üstündən atmaq cəhdindən başqa bir şey deyildir.
Azərbaycanda müharibə tamamilə legitim hakimiyyət və qanuni ordu tərəfindən aparılmışdır. Buna qarşı hər hansı iddia sadəcə absurd olub böhtan xarakteri daşıyır. Azərbaycanın müharibə aparmaq üçün bir çox haqlı səbəbləri vardır. Bu səbəblər olaraq Ermənistanın 30 ilə yaxındır Azərbaycanın beynəlxalq hüquqi çərçivədə tanınan sərhədlərini pozması, torpaqlarını işğal etməsi, 800 mindən çox insanı torpağından didərgin salaraq qaçqın və məcburi köçkün həyatına məhkum etməsi, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətləri, bu torpaqlarda ekoloji terror həyata keçirməsi vs. bir çox səbəbləri göstərmək olar. Azərbaycanın niyyəti I Qarabağ Müharibəsi nəticəsində yaranan ədalətsizliyi ortadan qaldırmaq, bölgənin hər iki etnik qrupu üçün sülh və əmin amanlıq təmin etməkdir. Bu şəraitin yaradılması üçün Azərbaycan dəfələrlə müxtəlif platformalarda və ikitərəfli görüşlərdə “ən yüksək muxtariyyət” təkliflərini irəli sürüb. Erməni tərəfi isə yalnız Dağlıq Qarabağın müstəqilliyinin tanınacağı şərti altında ətraf rayonların qaytarılacağını bildirib. Lakin ermənilərin Dağlıq Qarabağın ətrafındakı rayonlarda məskunlaşma və istehsal fəaliyyətləri, həmçinin bütün dünyaya qondarma “Artsax”ı Dağlıq Qarabağ ətrafındakı 7 rayonla birlikdə olan sərhədlər çərçivəsində tanıtmaq cəhdləri onların təkliflərinin qeyri-səmimi olduğunu və sadəcə vaxt uzatmaq üçün ortaya atıldığını sübut edir. Erməni tərəfinin daimi olaraq Azərbaycanı təhrik etməsi, lokal atışmalarla münaqişəni qızışdırmaq və daha çox ərazi tutmaq cəhdləri onların əsl niyyətinin daha bir göstəricisidir.
Həqiqətən də Azərbaycanın müharibəyə başlamaqdan başqa hər hansı çarəsi qalmamışdır.Belə ki, nə 1992-ci ildən bəri davam edən Minsk qrupunun fəaliyyəti, nə 1996-cı ildə gündəmə gələn “Paket Həll” təklifi, nə 1997-ci ildə gündəmə gələn “Mərhələli Həll” təklifi, nə 1998-ci ilin “Ortaq dövlət həll yolu” təklifi, nə 2007-ci ildə ortaya atılan Madrid Prinsipləri, nə çox tərəfli, nə də ikitərəfli danışıqlar ortaq bir həll yolunun tapılmasına vəsilə olmamış, əksinə Paşinyan Şuşaya səfər edərək “Qarabağ Ermənistandır, nöqtə” deyərək bütün bu cəhdlərin üstündən yağlı bir xətt çəkmişdir. Azərbaycanın uğur qazanma ehtimalı həqiqətən çox idi, belə ki, erməni tərəfi də müharibə başlayarsa məğlub olacağını bilir və dərk edirdi. Lakin buna baxmayaraq Ermənistan tərəfi müharibəni təhrik edərək çox saylı insan qətliamına vəsilə oldu. Azərbaycan Ermənistanın hücum zərbələrinə uyğun şəkildə və formada əks-hücum etmək haqqına sahib idi. Bununla belə ermənilər Azərbaycanın müharibə bölgəsindən çox uzaqda yerləşən şəhərlərini və sivil yaşayış məskənlərini bombalasa da, Azərbaycan tərəfi adekvat addım atmamış və İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, qisas döyüş meydanında alınmışdır. Belə ki, rəsmi məlumatlara əsasən müharibə ərzində Azərbaycandan 100 mülki şəxs həyatını itirmiş, 416 nəfəri yaralanmış, Ermənistan tərəfindən isə 65 mülki şəxs həyatını itirmiş və 165 nəfəri yaralanmışdır. Ermənistan tərəfindən mülkilərin yaralanma və həlak olma səbəbi onların birbaşa aktiv döyüş zonalarında yerləşmələri (hətta uşaqların belə döyüş əməliyyatlarına qatılmalarına dair sübutedici görüntülər yayılmışdır), Azərbaycan tərəfindən mülkilərin yaralanma və həlak olma səbəbi isə birbaşa erməni atəşinə və bombalarına tuş gəlmələridir. Bu baxımdan ermənilərin Gəncə (4 və 11 oktyabr) və Bərdəyə (27-28 oktyabr) raket hücumları xüsusilə faciəvi nəticələr doğurmuşdur. Nəticə olaraq Azərbaycan təkcə beynəlxalq hüquq normalarına riayət etməsi (yəni BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadın legitimliyi) baxımından deyil, tarixi ədalətli müharibə prinsiplərinə əməl etməsi baxımından da haqlı hesab oluna bilər. Ən böyük haqq və ədalət isə torpaqlarımızın işğaldan azad olunmasıdır. Belə ki, 9 noyabr 2020 tarixində tarixi ədalət bərpa olunaraq Azərbaycanın 7 rayonu və Şuşa şəhərinin işğaldan azad edildiyini rəsmiləşdirən üçtərəfli (Azərbaycan- Rusiya-Ermənistan) atəşkəs sazişi imzalandı.
Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciətində dediyi kimi, bu 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Qalib Ordumuz 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirini uğurla başa çatdırmaqla erməni separatizminə Qarabağda son qoydu. Azərbaycan xalqı olaraq biz bu tarixi anları yaşamaqdan sonsuz qürur hissi keçiririk. Əminik ki, Prezident İlham Əliyevin liderliyi ilə doğma Qarabağımız tezliklə bərpa olunacaq, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azərbaycan xalqı isə bu torpaqlarda əbədi yaşayacaq, bayrağımız daim zirvələrdə dalğalanacaqdır.
Vəliyeva Arzu,
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı