İdmana dövlət qayğısı
İdman hər bir ölkənin ictimai həyatının ən önəmli bir hissəsidir. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində həyata keçirilən siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri və gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək çox mühüm yer tutur.
Yəni, Azərbaycan dövləti idmanı inkişaf etdirməklə ölkədə sağlam nəsil yetişdirmək, gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq məqsədini də hədəfləyib. Bu məqsədə çatmaq üçün görülən işlər isə öz bəhrəsini verməkdədir. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq bu gün demək olar ki, əksər bölgələrimizdə müasir tipli Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Dövlət başçısı bu məsələni belə dəyərləndirib: “Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik”.Elə bütün bunların nəticəsidir ki, idmançılarımız son illərdə böyük uğurlara imza atmışlar.
Sonda bunu qeyd etmək istəyirəm ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə nəticələr də hər zaman olacaq.
Hüseynova Rəna,
Xəzər rayonu, 123 nömrəli orta məktəbin müəllimi