AnalitikaGündəmSiyasət

HEYDƏR ƏLİYEV: “VAHİD XOŞBƏXT ADAM OLUBDUR Kİ, BİZƏ BU CÜR MİRAS QOYUB GEDİB”

Heydər Əliyev öz imzasını təkcə Azərbaycan tarixinə deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə də qızıl hərflərlə yazmış bir şəxsiyyət olmuşdur. Bütün ömrü boyu xalqının gələcəyi naminə müstəsna işlər görən Ulu Öndərin liderlik fəaliyyətində Azərbaycan ədəbiyyatına xidmət və qayğı mühüm bir  mərhələni təşkil edir. Xalq yaradıcılığından tutmuş müstəqillik dövrü ədəbiyyatına qədər keçilən tarixi inkişaf yolu, bu yolun yaradıcıları və onların irsi Ulu Öndərin yaddaşında xalqın mənəvi sərvəti kimi yer tuturdu.

Müasir Azərbaycan ədəbiyyatının özünəqədərki və hakimiyyəti dövrü sənətkarlarının yaradıcılığına Heydər Əliyev həmişə qayğı və diqqət göstərir, hər  birinin ədəbiyyat tarixindəki həqiqi yerini və çəkisini dövrün ideologiyasından asılı olmayaraq, almasına çalışırdı. Ulu Öndər ədəbiyyatda ənənə və varisliyi ədəbiyyatşünas kimi qiymətləndirir, Azərbaycan ədəbiyyatının tarixi ənənələr üzərində yaranıb inkişaf etdiyini göstərirdi.

1970-ci illərdə ölkə başçısı ədəbiyyatın, yazıçıların yaradıcılığının respublikanın ictimai-siyasi həyatı ilə bağlılığına, onların problemlərdən kənara çəkilməməyi, xalq qarşısında məsuliyyət daşıdıqlarını heç vaxt unutmayacaqlarını yeri düşdükcə xatırladırdı. Heydər Əliyevə görə, Azərbaycan yazıçılarının əsas qayğısı zəmanə və müasirlər haqqında əsərlər yaratmaq olmalıdır. Bu əsərlərin qəhrəmanları da yüksək təfəkkürlü, əməyi ilə ölkəsinin sərvətlərini artıran, həyatı gözəlləşdirən insanlar olmalıdır. Sovet məkanı olan bu dövrdə ədəbiyyat uğrunda mübarizə sovet ideologiyasına kökləndiyindən romantik düşüncəli şairlərin sənətkarlıq xüsusiyyətləri birbaşa dövrün diktəsinə deyil, özəl yaradıcılıq təbinə, bədii dünyagörüşünə söykənirdi. Yaranan şeir nümunələri ictimai həyatla, xalqın arzu və və istəkləri ilə, dərdlərini bölüşməklə, xalqı milli oyanışa, azadlığa səsləməklə səciyyələnirdi. Azərbaycan poeziyasının Füzuli yadigarı, XX əsr qəzəl janrının ən bakir nümunələrini yaradan, uzun əsrlik əruzun tilsimindən çıxarıb milliləşdirən Əliağa Vahid belə sənətkarlardan idi.

Vahid ədəbiyyat tarixində orijinal üslubu, bənzərsiz deyimləri, poetik fəhmi ilə yanaşı, laübali taleyi ilə seçilən bir sənətkar olmuşdur. Qəzəli Füzuli sehrindən azad edib ona yeni ruh, yeni siqlət verən Vahid yaradıcılığının əsas mövzusu məhəbbət və gözəllik olsa da, şair vətənpərvərlik, dostluq, sədaqətliliyin tərənnümünə, qadın hüquqsuzluğu, cəhalət və nadanlığın tənqidinə də biganə qalmamışdır. Tarixi şəraitin və ədəbi inkişafın təsiri ilə Vahid klassik poeziyanın ənənələrini yaşadıb inkişaf etdirmiş, istər məzmun, istərsə də sənətkarlıq baxımından xalqa yaxınlaşdırmışdır. Təsadüfi deyil ki, hələ sağlığında onun qəzəlləri və satirik şeirləri dillər əzbəri olmuş, ağızdan-ağıza keçmişdir. Azərbaycanın elə bir guşəsi olmazdı ki, orada Vahid tanınmasın, sevilməsin.

Xalq şairi Əliağa Vahidin yaradıcılığı, onun qəzəl, meyxana janrında yaratdığı poetik nümunələr Heydər Əliyevə tanış idi, şairin xalqın sevimlisi olduğunu da Ulu Öndər bilirdi. İstər sağlığında, istərsə də ölümündən sonra uzun zaman Vahidə layiqli qiymət verilmədiyini Heydər Əliyev onun dahiliyi, böyüklüyü ilə əlaqələndirirdi: “Tarixdə belə hallar çox olubdur ki, dahi, böyük insanlar zaman, vaxt keçdikdən sonra, uzaq məsafədən daha düzgün qiymətləndirilibdir”1.

Şairi böyük bir xəzinə adlandıran Heydər Əliyevə görə, Vahid dövlətlə təmasda olmasa da, xalqla bərabər olub, xalqın içində olub, o xalqı, xalq da onu sevib. Şairin 100 illik yubiley gecəsində o, mədəniyyət və incəsənət xadimlərinə üzünü tutaraq demişdi: “Vahid böyük bir xəzinədir. Bu gün siz xəzinənin bir neçə laylarını millətimizə göstərdiniz. Xalqımız Vahidi həmişə sevibdir. Onun sağlığında da, o, həyatdan gedəndən sonra da Vahid qəzəllərinə çox mahnılar bəstələnibdir. Xalqımız Vahidi heç vaxt unutmayıbdır”.

Heydər Əliyev ədəbiyyat bilicisi kimi, Vahidin maddi-mənəvi çətinliklər içində yaşadığını, xüsusilə vəfatından əvvəl məhrumiyyətlərlə dolu bir həyat keçirdiyini, lakin özünün də dediyi kimi, xoşbəxt bir sənətkar olduğunu, xalq tərəfindən sevildiyini gözəl bilirdi. Ulu Öndər Vahidə xalqın sonsuz sevgisinin, pərəstişinin, ehtiramının səbəbini şairin nikbinliyində, xalqın xoşbəxt gələcəyini gözəl tərənnüm etməyində, cəsarətli kəlamlarında, açıqcasına yazmağında görürdü. “Mən hesab edirəm ki, Vahid çox xoşbəxt adam olub. Xoşbəxt adam olubdur ki, bizə bu cür miras qoyub gedib”. Yubiley tədbirində şairin bir qəzəlini təkrar dinləyən Heydər Əliyev nikbin, xalqın, respublikanın gələcəyini gözəl tərənnüm edən və insanları bu gələcəyə səsləyən Vahidin nikbinliyini yüksək qiymətləndirmişdi:

Könül, həmişə səadət bizimlə yar olacaq,

Xəzan qəmi itəcəkdir, ölkəmiz bahar olacaq!

Tərənnüm eyləyəcək hər çəməndə bülbüllər,

Bu odlar ölkəsi bir başqa laləzar olacaq!

Şərəflə ömr eyləyir hər kəs öz diyarında

Sevimli ölkəmiz hər fitnədən kənar olacaq.

Cahan işıqlanacaq sülh ilə, ədalət ilə,

Bizim üfüqdə zəfər nuru payidar olacaq!

Vətən diyarında, Vahid, nə xidmət eylərsək,

Bu şanlı iş gələcək nəslə yadigar olacaq!

Heydər Əliyev Vahidin əsərlərini başdan-başa fəlsəfə adlandırırdı.  Rəssamların şairin surətini yaratdığı müxtəlif kompozisiyalarda, aktyorların oxuduğu şeirlərdə, bəstəkarların bəstələdiyi mahnılarda o, Vahidin fəlsəfəsini görür, bu fəlsəfədən ruhlandıqlarını qeyd edir, Vahidi ölümündən 30 il sonra da əsərləri ilə, bədii irsi ilə yaşadığına görə onu xoşbəxt sayırdı: “…Vahid çox xoşbəxt adam olub. Xoşbəxt adam olubdur ki, bizə bu cür miras qoyub. İnsanın xoşbəxtliyi nədir? Xoşbəxtlik təkcə o demək deyil ki, o necə yaşayıb. Xoşbəxtlik odur ki, insan 70 yaşında vəfat edib, amma 30 il də ondan sonra yaşayır. Özü də necə yaşayır! O, xalqına necə gözəl xidmət edib. Xalqını bu ağır vəziyyətdən çıxarmaq üçün nə qədər gözəl töhfələr, irs qoyub gedib”.


Nazilə ABDULLAZADƏ
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
“Tərəqqi” medalı mükafatçısı
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Oxşar Xəbərlər

Back to top button