AnalitikaGündəmSiyasət

Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Dövlətimizin başçısı Memorialın önünə əklil qoyaraq soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi, daha sonra xatirə kitabına ürək sözlərini yazdı.

Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən yaradılıb. Memorialın inşasında əsas məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunmasıdır. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılıb. Bu fakt bir daha göstərir ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin yaşadılması dövlət siyasətinin və ictimai fəaliyyətin əsas istiqamətlərindən biridir.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək çıxış etdi. Dövlətimizin başçısı vurğuladı ki, iki il əvvəl təməli qoyulan Memorial Kompleksin məhz Xocalıda açılması ədalətin təntənəsidir. Prezident bildirdi ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara və insanlığa qarşı törədilmiş qanlı hərbi cinayətdir və bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. O qeyd etdi ki, Azərbaycan dövləti və ictimai qurumlar uzun illər ərzində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl fəaliyyət göstərmiş, nəticədə 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanımışdır.
Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, ədalət addım-addım təmin edilib: beynəlxalq səviyyədə tanınma prosesi, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı və hərbi cinayətkarların məhkəmə qarşısına çıxarılması bu yolun mühüm mərhələləri olmuşdur. Onun sözlərinə görə, Azərbaycan həm ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, həm də hərbi cinayətkarları ədalət məhkəməsinə çıxarmış nadir dövlətlərdəndir.
Prezident İlham Əliyev qeyd etdi ki, işğal dövründə Azərbaycana müxtəlif təzyiqlər göstərilsə də, dövlət və xalq heç vaxt işğalla barışmamışdır. Güclü iqtisadiyyatın qurulması, müasir və peşəkar ordunun formalaşdırılması, beynəlxalq müstəvidə fəal diplomatiya nəticə etibarilə Qələbəni təmin etmişdir. 44 gün ərzində düşmən məğlub edilmiş, kapitulyasiya aktına imza atmışdır. 2023-cü ildə isə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi ləğv edilmiş, separatçılığa son qoyulmuşdur. Dövlət başçısının sözləri ilə desək, Xocalıya ədalət məhz həmin an təmin edilmişdir.
Bu gün Xocalıda ucaldılmış Memorial Kompleks həm faciənin ağrısını, həm də qalib xalqın əyilməz iradəsini təcəssüm etdirir. Uzun illər didərgin həyatı yaşayan, doğmalarını itirən Xocalı sakinləri indi öz doğma torpaqlarında soyqırımı qurbanlarının xatirəsini qalib ölkənin vətəndaşları kimi yad edirlər. Bu, tarixi ədalətin bərpasının, milli ləyaqətin qorunmasının və dövlət gücünün real göstəricisidir.
Xocalı Soyqırımı Memorialı bundan sonra da soyqırımı qurbanlarının xatirəsini yaşadacaq, gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq və hər kəsə xatırladacaq ki, Azərbaycan xalqı heç vaxt öz tarixini unutmur. Eyni zamanda, bu Memorial kompleks güclü dövlətin, qalib xalqın və təmin edilmiş ədalətin rəmzi kimi Xocalı torpağında əbədi ucalacaq.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button