Analitika

Hər il xalqımız Novruz bayramını xüsusi sevgi və sevinclə qeyd edir

Tarixi islamdan çox əvvəllərə gedən Novruz bayramı xalqımızın qədim bayramlarından bəlkə də ən qədimidir. Novruz sözünün mənasını alimlərin çoxu, “Nov”-yeni, “ruz” – gün mənasında olduğunu qeyd ediblər. Doğurdan da Novruz Baharın gəlişini,yeni ilin başlanğıcını tərənnüm edən bayramdır. Novruz bayramı özlüyündə çox gözəl örnək olacaq cəhətləri ilə digər bayramlardan seçilir. Novruz bayramı zamanı küsülülərin barışması, insanların bir-birinə qonaq getməsi, hal-əhval tutması xalqımızın birliyini göstərir. Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” poemasında təsvir edilən Novruz bayramı insanların necə sevindiyini, necə həvəslə yaşadıqları ərazini gözəlləşdirməsi açıq təsvir olunmuşdur : Bayram olub,qızıl palçıq əzərlər Naxış vurub otaqları bəzərlər Taxçalarda düzmələri düzərlər Qızlar deyər: “atıl-matıl çərşənbə Ayna təkin bəxtim açıl çərşənbə Ulu öndərimiz Heydər Əliyev Novruz bayramı zamanı çıxışında qeyd etmişdir: “Bu Bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından,siyasi dünyagörüşündən asılı olmayaraq hamı Bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki,qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”.

Əksəriyyəti müsəlman ölkəsi olmaqla, şərq ölkələrində qeyd edilən bu bayram, avropanın və digər qitələrin əhalisinə maraqlı gəlmişdir. Buna görə də Novruz bayramı UNESCO tərəfindən Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Novruz bayramının dəyərini yüksək qiymətləndirən dövlət başçımız, Ali baş komandanımız İlham Əliyev hər il Novruz bayramı zamanı əfv sərəncamı imzalamaqla yüzlərlə ailəni sevindirir.

Qədim bayramımız olan Novruz bayramı zamanı həmişə mənfur düşmənimiz əzəli torpaqlarımızda, Qarabağımızda qarışıqlıq yaratmağa ,bayram coşqumuzu söndürməyə çalışmışlar. 2020 ci il 44 günlük Vətən müharibəsi zamanı azad olunmuş torpaqlarımızda Novruz bayramı bundan sonra öz coşğusu ilə davam edəcək. Belə ki, Şuşa azad olunduqdan sonra Novruz bayramını Şuşada qeyd edən Ali baş komandanımız çıxışı zamanı qeyd etmişdir: “ Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad olunmuş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram.

Bu gün Novruz bayramını ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Biz Şuşa və azad olunmuş bütün torpaqları bərpa edəcəyik”. Bu il isə Novruz bayramı bir başqa gözəldi. Çünki Xankəndi, Xocalı rahatlıqla tonqallarını qalayır, torpaq artıq azad olduğunu bilir. Bundan sonra daim xalqımız doğma Qarabağında xoşbəxt yaşayacaq, birbirindən gözəl “yeni gün”lər qeyd edəcək.

Səmayə Nəcəfova,
Xəzər rayonu, 322 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button