Hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə Azərbaycan və İraq dövləti arasındakı dostluq münasibətlərinə toxunularaq gələcəkdə də bu münasibətləri inkişaf etdirməyin vacibliyi xüsusi vurğulanıb. Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda İraq Prezidentinin diplomatik əlaqələr tarixi boyunca Azərbaycana ilk rəsmi səfərinin gələcəkdə iki dövlət arasındakı dostluq və əməkdaşlığa parlaq töhfə verəcəyini bildirmişdir.
İraqın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olduğunu bildirən Prezident İlham Əliyev İraq və Azərbaycanın beynəlxalq təsisatlarda da hər zaman həmrəylik nümayiş etdirdiyini qeyd etmişdir. Azərbaycan 30 ilə yaxın bir müddətdə Ermənistanın təcavüzünə məruz qalmış, ərazisinin 20 faizini itirmiş, bir milyondan çox insan öz yurd-yuvasından didərgin düşmüşdür. 28 il müddətində beynəlxalq təşkilatlar bu problemə biganə yanaşaraq həlli üçün heç bir tədbir görməmişdir. 28 il səbr nümayiş etdirən Azərbaycan, nəhayət, döyüş meydanında haqlı mübarizəsini aparmış və heç bir qurumun bərpa edə bilmədiyi tarixi ədaləti bərpa etmişdir.
2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın beynəlxalq hüquqla dəstəklənən özünümüdafiə üsulu idi. 44 gün ərzində Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini işğaldan azad etdi. Bununla da göstərdi ki, Azərbaycan dövləti öz ərazisində separatçı rejimin varlığına dözüm nümayiş etdirməyəcək.
Daha sonra İlham Əliyev qeyd etmişdir ki, təəssüf ki, Ermənistan bu gün Fransa və digər havadarlarının “məsləhəti” ilə Azərbaycana qarşı mövqe nümayiş etdirir və revanşist fikirlər səsləndirərək Ermənistan ictimaiyyətində də çaşqınlıq yaradır. Ermənistan başa düşməlidir ki, bu gedişlə Fransanın əlində marionetə çevriləcək və öz milli maraqlarını deyil, Qərbin işğalçı maraqlarını təmsil edəcək. Bunun isə acı nəticələrini Ermənistan üç il əvvəl gördü. Bu gün Azərbaycana qarşı nifrət dolu və destruktiv mövqe sərgiləməklə öz haqlı mübarizəsindən çəkindirməyə çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki haqq da, hüquq da Azərbaycandan yanadır. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman sülhə hazırdır. Amma bu sülh təzyiq və hədələrə yox, beynəlxalq hüquq və normalara əsaslanmalıdır.
Cəfərova Ülviyyə,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi



