
Azərbaycan dili xalqımızın milli varlığını, tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə yaşadan ən mühüm sərvətlərdən biridir. Bu dil əsrlər boyu Azərbaycan xalqının düşüncə tərzinin, mədəniyyətinin və ədəbi irsinin formalaşmasında mühüm rol oynayıb. Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu xalqımızın siyasi, ictimai və mədəni tarixinin ayrılmaz hissəsidir. Bu baxımdan Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili statusunun möhkəmləndirilməsi milli dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxil olan qədim və zəngin dillərdən biridir. Onun formalaşması Azərbaycan ərazisində əsrlər boyu davam edən mürəkkəb etnik və mədəni proseslərlə bağlıdır. Azərbaycan xalqının etnogenezində iştirak edən müxtəlif tayfa və xalqların qarşılıqlı əlaqəsi, xüsusilə oğuz-türk tayfaları dilimizin inkişafına mühüm təsir göstərmişdir. Zaman keçdikcə müxtəlif türk tayfalarının danışıq xüsusiyyətləri Azərbaycan ərazisində mövcud olan yerli dillər və dialektlərlə qarşılıqlı əlaqəyə girərək Azərbaycan türkcəsinin formalaşmasına zəmin yaratmışdır.
Azərbaycan ədəbi dilinin tarixində Nəsimi, Xətai, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığı Azərbaycan dilinin ədəbi imkanlarının genişliyini və zənginliyini nümayiş etdirmişdir. Xüsusilə İmadəddin Nəsiminin yaradıcılığı Azərbaycan türkcəsinin fəlsəfi və poetik ifadə imkanlarının inkişafında mühüm rol oynayıb. Şah İsmayıl Xətai isə Azərbaycan dilinin dövlətçilik və ədəbi mühitdə möhkəmlənməsinə böyük töhfə verib.
Azərbaycan dilinin ən böyük klassiklərindən biri olan Məhəmməd Füzulinin yaradıcılığı ana dilimizin tarixində xüsusi mərhələdir.
XIX əsrdə Azərbaycan dilinin inkişafında yeni mərhələ başladı. Bu dövrdə maarifçilik ideyalarının yayılması, milli mətbuatın meydana gəlməsi və dünyəvi təhsilin genişlənməsi ədəbi dilin inkişafına ciddi təsir göstərdi. 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrə başlaması Azərbaycan milli mətbuatının əsasını qoymaqla yanaşı, ana dilinin ictimai həyatda daha geniş istifadə olunmasına da şərait yaratdı. “Əkinçi” xalqın başa düşəcəyi sadə və aydın dildə yazılar dərc etməklə Azərbaycan dilinin ictimai funksiyalarının genişlənməsində mühüm rol oynadı.
XX əsrin əvvəllərində Azərbaycan dili milli oyanış və milli dövlətçilik ideyalarının mühüm ifadə vasitəsinə çevrildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə ana dilinin dövlət idarəçiliyində və ictimai-siyasi həyatda istifadəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Sovet hakimiyyəti illərində Azərbaycan dili mürəkkəb və ziddiyyətli inkişaf yolu keçdi. 1920-ci ildən sonra ölkədə siyasi və ictimai quruluşla yanaşı, dil siyasətində də dəyişikliklər baş verdi. Azərbaycan əlifbası əvvəlcə ərəb qrafikasından latın qrafikasına, daha sonra isə kiril qrafikasına keçirildi. Bu dəyişikliklər nəsillər arasında yazılı irsin mənimsənilməsində müəyyən çətinliklər yaratdı. Bununla belə, sovet dövründə Azərbaycan ədəbi dili, elmi dili, mətbuat dili və bədii ədəbiyyat dili kimi inkişafını davam etdirdi.
Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi tarixində Ulu Öndər Heydər Əliyevin fəaliyyəti xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə yalnız ünsiyyət vasitəsi kimi deyil, milli dövlətçiliyin, milli kimliyin və mənəvi birliyin əsas atributlarından biri kimi yanaşırdı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə – 1969-1982-ci illərdə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan tarixinin, mədəniyyətinin və dilinin inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Həmin dövrdə sovet siyasi sistemi çərçivəsində milli məsələlərin həssas olduğu bir şəraitdə Azərbaycan dilinin ictimai nüfuzunun artırılması xüsusi əhəmiyyət daşıyırdı. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasının hazırlanması zamanı Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin siyasi iradəsinin və milli maraqlara əsaslanan mövqeyinin mühüm göstəricilərindən biri idi. Konstitusiyanın 73-cü maddəsində Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili olduğu təsbit edilmişdi. Bu, sovet dövrünün siyasi reallıqları nəzərə alınmaqla Azərbaycan dilinin hüquqi statusunun qorunması baxımından böyük tarixi əhəmiyyət daşıyırdı.
Ümummili lider Heydər Əliyev ana dilinin inkişafını milli kadrların hazırlanması və təhsil siyasəti ilə də əlaqələndirirdi. Onun rəhbərliyi dövründə Azərbaycanda ali təhsilin və elmin inkişafına diqqət artırıldı, müxtəlif ixtisaslar üzrə milli kadrların hazırlanması genişləndirildi. Bu proses Azərbaycan dilinin elmi və ictimai ünsiyyət vasitəsi kimi inkişafına da müsbət təsir göstərdi.
Müstəqilliyin bərpasından sonra Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu göstərilir. Bununla Azərbaycan dilinin dövlətçilik sistemində hüquqi statusu ən yüksək səviyyədə təsdiqləndi.
Heydər Əliyevin müstəqil Azərbaycanda dil siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycan dilinin saflığının qorunması və dövlət idarəçiliyində, təhsildə, elmdə, kütləvi informasiya vasitələrində və ictimai həyatda geniş istifadəsinin təmin edilməsi idi. O, Azərbaycan dilinin inkişafını milli dövlət quruculuğunun mühüm istiqaməti hesab edirdi.
2001-ci il avqustun 9-da Heydər Əliyevin imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman Azərbaycan dilinin və milli əlifbanın tarixində mühüm hadisə oldu. Fərmana əsasən hər il avqustun 1-i Azərbaycanda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu qərar ana dilinə dövlət səviyyəsində verilən yüksək qiymətin göstəricisi olmaqla yanaşı, milli əlifbanın cəmiyyət həyatında mövqeyinin möhkəmləndirilməsinə xidmət etdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə münasibəti onun yalnız siyasi qərarlarında deyil, çıxışlarında da aydın görünürdü. O, Azərbaycan dilini xalqın milli sərvəti hesab edir və bu sərvətin qorunmasını hər bir azərbaycanlının vəzifəsi kimi qiymətləndirirdi. Onun fikrincə, xalqın dilinə hörmət xalqın özünə, onun tarixinə və milli kimliyinə hörmət deməkdir.
Azərbaycan dilinin inkişafı sonrakı dövrdə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Azərbaycan dilinin informasiya texnologiyalarında, elektron mediada və rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi müasir dövrün əsas prioritetlərindən birinə çevrilib. Dilimizin qloballaşan dünyada öz mövqeyini qoruması və yeni texnoloji mühitə uyğunlaşması üçün ardıcıl tədbirlər görülür.
Azərbaycan dili bu gün yalnız Azərbaycan Respublikasının dövlət dili deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da milli-mənəvi bağlarını qoruyan mühüm vasitədir. Xaricdə yaşayan soydaşlarımız üçün ana dili milli kimliyin qorunmasında və Azərbaycanla əlaqələrin saxlanılmasında xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dilinin tarixən keçdiyi inkişaf yolu göstərir ki, dil xalqın taleyi ilə birbaşa bağlıdır. Azərbaycan xalqı müxtəlif siyasi hakimiyyətlərin, tarixi sınaqların və ictimai dəyişikliklərin təsiri altında yaşasa da, ana dilini qoruyub saxlayıb və onu zənginləşdirərək gələcək nəsillərə ötürüb. Dilimiz əsrlər boyu olduğu kimi, bundan sonra da Azərbaycan xalqının milli varlığının və dövlət müstəqilliyinin mühüm dayaqlarından biri olacaqdır.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr



