Analitika

“Həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yanvarın 29-da Macarıstana rəsmi səfərə yola düşdü. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşıladılar.

Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimində Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzüldü.

Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı və fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi, hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edildi.

Budapeştin Qəhrəmanlar meydanında Azərbaycan Respublikasının Prezidentinin naməlum əsgərin məzarını ziyarəti üçün yanvarın 30-da fəxri qaravul dəstəsi düzüldü və İlham Əliyev cənabları naməlum əsgərin məzarı önünə əklil qoydu, sonra, Macarıstan Prezidenti xanım Katalin Novak ilə təkbətək görüşü, daha sonra, geniş tərkibli görüşləri oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Macarıstanın Baş naziri cənab Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış etdilər.

“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.” (Viktor Orban)

Baş nazir Viktor Orban iştirakçıları salamlayaraq, “Azərbaycandan olan əziz dostlarımız” deyərək xitab edərək çıxış etdi.

“Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib” (Viktor Orban)

Dövlətimizin başçısı İlham Əliyev cənabları Baş nazir cənab Orbanı salamlayaraq dəvətə və qonaqpərvərliyə görə Ona təşəkkürünü bildirdi.

“Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək” (İlham Əliyev)

Uzun illərdir ki, bir-birini dostluq əlaqələri bağlayan Macarıstan və Azərbaycan sıx təmasdadırlar. Ölkələrimiz arasındakı bu dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır.

“Həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar” (İlham Əliyev)

Azərbaycan və Macarıstan arasında imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bu iki dost ölkənin strateji tərəfdaşlığını təsdiqləyir.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planları olan Azərbaycan, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışdır. Rusiya-Ukrayna müharibəsindən sonra bu layihənin böyük potensialı vardır.

Bəyanatda Prezident İlham Əliyev Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verdiyini bildirdi.

Sonra O, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırdığını, bu yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələrin bizi Avropa üçün daha da yaxın edəcəyini və bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə yaşıl enerji layihəsində cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlarını bildirdi.

Daha sonra O, iki ölkənin əməkdaşlığının böyük hissəsinin enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmadığını, eyni zamanda, nəqliyyat sahəsində də, çox böyük planlarımızın həyata keçirildiyini bildirdi.

Həqiqətəndə cənab Prezidentin bildirdiyi kimi, bu layihələrin böyük potensialları var. Çünki, Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.

Dövlətimizin başçısının bəyan etdiyi kimi, Azərbaycan və Macarıstanın birgə  əməkdaşlığı çoxşaxəlidir və mahiyyəti göz önündədir.

“Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.”

Sonra Prezident İlham Əliyev cənablar bildirdi ki,  macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra konkret layihələrin müzakirəsinə başlayacağıq.

“Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.” (İlham Əliyev)

30 yanvar 2023 – cü il tarixində  Azərbaycan və Macarıstan arasında bu sənədlər imzalandı:

– Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə;

– “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”.

Mürsəl Mürsəlov,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru.

Oxşar Xəbərlər

Back to top button