Analitika

Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir

Azərbaycan və gürcü xalqları arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Yaşca tarixin özü qədər qoca olsa da, günbəgün möhkəmlənən bu dostluq zamanın çarpaşıq, kələ-kötür yollarında böyük sınaqlardan keçib. Fərəhlidir ki, xalqlarımız arasında heç vaxt anlaşılmazlıq olmaylb. İstər Azərbaycan torpaqlarında məskunlaşmış gürcülər, istərsə də Gürcüstanda yaşayan azərbaycanlılar tarix boyu özlərini doğma vətənlərindəki kimi hiss etmiş və bu dostluğun əbədiyaşarlığına öz layiqli töhfələrini vermişlər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Azərbaycan, gürcü və ingilis dillərində nəşr edilmiş “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabı iki xalqın bir-birinə məhəbbətini dəyərləndirən qiymətli əsərdir. İki dövlətin uzaq əsrlərin əlcatmaz, ünyetməz nöqtələrindən dövrümüzə qədər davam edən və heç bir xarici qüvvənin sarsıda bilmədiyi siyasi, iqtisadi, mədəni, humanitar əlaqələri barədə əsl sədaqət dastanıdır.   Ulu öndər Heydər Əliyev 1993-cü ildə qədirbilən xalqımızın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Gürcüstanla münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoydu və həmin dövrdən başlayaraq Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan qardaş Gürcüstanla ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Gürcüstanla Azərbaycanı bir-birlərinə daha sıx tellərlə bağlayan hər şeydən öncə qlobal enerji və nəqliyyat kommunikasiya layihələridir. Azərbaycan ən çətin vaxtlarda belə, Gürcüstana qardaşlıq yardımı göstərən dövlət olub. Azərbaycanın qışın qarlı-şaxtalı günlərində qardaş ölkəni qazla təmənnasız təmin etməsini Gürcüstan rəhbərliyi və gürcü xalqı bu gün də minnərdarlıqla xatırlayır. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, həm də əsl qardaşlıq rəmzi idi. Bu gün Gürcüstanın təbii qaza olan tələbatının 70 faizini məhz Azərbaycan ödəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Gürcüstan-Azərbaycan əlaqələri artıq regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoyurlar. Bu investisiyaların böyük gələcəyi var. Aramızda olan mal dövriyyəsi sürətlə artır və gələcəkdə də artacaq”. İki dost ölkə arasında hökumətlərarası komissiyaların, ayrı-ayrı qurumların qarşılıqlı fəaliyyəti, vaxtaşırı biznes forumlarının, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında dostluq əlaqələrinin daha da genişlənməsinə və son nəticədə ticarət dövriyyəsinin və investisiya qoyuluşunun artmasına əlverişli zəmin yaradıb. Qardaş ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensial hələ kifayət qədərdir. Üç il bundan öncə əvvəlcə Buxarestdə, sonra isə Bakıda Rumıniya, Azərbaycan və Gürcüstan arasında neft və qaz kəmərlərinin şaxələndirilməsi ilə əlaqədar AGRİ layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması bu sahədə atılan ən uğurlu addım kimi dəyərləndirilməlidir. Həmin layihəyə əsasən Azərbaycanın təbii qazı əvvəlcə Qara dəniz sahillərinə nəql olunacaq, orada xüsusi terminalda sıxıldıqdan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılacaq, oradan da Avropa ölkələrinə yönəldiləcək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və Bakı-Batumi hava reysinin inşaat layihəsinin icrası da uğurla davam etməkdədir. Fərəhlidir ki, Azərbaycan və Gürcüstan arasındakı bu əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək,  aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.

Mətanət Cəfərova
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button