Gürcüstan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.
Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq;
Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir.
Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir. Azərbaycanda bu sahəyə çox böyük sərmayə qoyulur. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilmişdir, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək. Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax, bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.
Ölkə olaraq deyə bilərik ki, Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. İki ölkə arasında yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir ki, burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir.
Rəna Borayeva,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi