Bir il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu tarixi gün Azərbaycan xalqının öz rəhbərinə olan inamını daha da artırdı. Həmin gün bütün Azərbaycan xalqını ürəkdən təbrik edən Ali Baş Komandan bildirdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq buna and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb.
Müstəqillik güclü iqtisadiyyat deməkdir. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və güclü ordun olmalıdır. Bu illər ərzində ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.
Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni yaxınlaşdırırdıq. Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt – noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik.
Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da, noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır.
Əliyeva Gunel,
Xəzər rayonu, 183 saylı tam orta məktəbin müəllimi