
8 Mart- Beynəlxalq Qadınlar Günü dünyada qadınların cəmiyyətin inkişafındakı rolunun, onların zəhmətinin və fədakarlığının yüksək qiymətləndirildiyi xüsusi bir gündür. Bu əlamətdar tarix yalnız bayram xarakteri daşımır, eyni zamanda qadınların hüquqlarının qorunması, sosial-siyasi həyatda fəallığının artırılması və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinin əhəmiyyətini bir daha xatırladır. Məhz buna görə də “Güclü Cəmiyyətin Zərif Simaları” adlı layihə qadınların ictimai həyatda rolunu, onların nailiyyətlərini və cəmiyyət üçün əvəzsiz xidmətlərini ön plana çıxaran mühüm təşəbbüs kimi böyük əhəmiyyət kəsb edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” adlı layihənin məqsədi regionalarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etməkdir.
Tarix boyu qadınlar cəmiyyətin mənəvi dayağı, ailənin qoruyucusu və gələcək nəsillərin formalaşdırıcısı kimi xüsusi rol oynamışlar. Qadınların müdrikliyi, səbir və mərhəməti cəmiyyətin inkişafına güclü təsir göstərmişdir. Bu gün dünyada qadınlar yalnız ailə mühitində deyil, həm də elm, təhsil, siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atırlar. Onların fəallığı və təşəbbüskarlığı güclü və sabit cəmiyyətin formalaşmasının əsas amillərindən biri kimi qiymətləndirilir.
Azərbaycan cəmiyyətində də qadınların rolu tarixən yüksək olmuşdur. Qadınlara hörmət və ehtiram milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Müasir dövrdə isə dövlət siyasətində qadınların hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin əsasını ümummilli lider Heydər Əliyev qoymuş, bu istiqamətdə mühüm qərarlar qəbul edilmişdir. Onun rəhbərliyi dövründə qadınların dövlət idarəçiliyində, ictimai həyatın müxtəlif sahələrində daha fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır.
Bu siyasət bu gün də uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət çərçivəsində qadınların hüquqlarının müdafiəsi, onların liderlik imkanlarının genişləndirilməsi və cəmiyyətin bütün sahələrində aktiv iştirakı daim diqqət mərkəzində saxlanılır. Dövlət proqramları və layihələr qadınların sosial rifahının yaxşılaşdırılmasına, onların potensialının reallaşdırılmasına mühüm töhfə verir.
Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəallığı getdikcə artır. Onlar dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında, təhsil və səhiyyə sistemində, eləcə də sahibkarlıq fəaliyyətində mühüm rol oynayırlar. Bu gün ölkəmizdə minlərlə qadın müəllim, həkim, alim, jurnalist, dövlət qulluqçusu və sahibkar kimi cəmiyyətin inkişafına öz töhfəsini verir. Onların fəaliyyəti göstərir ki, qadınların gücü yalnız zəriflikdə deyil, həm də iradədə, məsuliyyətdə və vətənə bağlılıqda təcəssüm olunur.
“Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi də məhz bu ideyanı önə çəkir. Bu təşəbbüs qadınların potensialının üzə çıxarılmasına, onların ictimai təşəbbüslərdə fəallığının artırılmasına və gender bərabərliyinin təşviqinə xidmət edir.
Eyni zamanda qadınlar ölkəmizin ən çətin dövrlərində də böyük fədakarlıq göstərmişlər. Xüsusilə vətənpərvərlik ruhunun aşılanmasında, şəhid ailələrinin, qazilərin dəstəklənməsində Azərbaycan qadınlarının rolu əvəzsizdir. Onlar həm ailədə, həm də cəmiyyətdə milli dəyərlərin qorunmasına, vətənə sevgi hissinin gücləndirilməsinə mühüm töhfə verirlər.
Bu gün Azərbaycanın inkişaf edən cəmiyyəti məhz belə güclü qadınların fəaliyyəti ilə daha da möhkəmlənir. Onların zərif simalarında böyük iradə, zəhmət və vətən sevgisi əks olunur. Cəmiyyətin inkişafı qadınların fəallığı ilə daha sürətli və dayanıqlı olur. Çünki güclü qadın – güclü ailə, güclü ailə isə güclü cəmiyyət deməkdir.
“Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi qadınların nailiyyətlərini təbliğ etməklə yanaşı, onların gələcək uğurlarına stimul verir və cəmiyyətin inkişafında qadınların rolunun əvəzsiz olduğunu bir daha nümayiş etdirir. Qadınların zəhməti, fədakarlığı və sevgisi sayəsində cəmiyyət daha güclü, daha sağlam və daha işıqlı gələcəyə doğru inamla irəliləyir.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



