Güclənən Türk dünyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. Görüşdə çıxış edən cənab İlham Əliyev Azərbaycan və Türk dövlətləri arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlar arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirdi.
Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin səfərlərinin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, dövlət başçılarının bu məsələyə əlavə dinamizm verdiyini görə bilərik.Türk dövlətləri arasında bu əməkdaşlığın möhtəşəm nəticəsi heç də asanlıqla əldə olunmayıb. Türk dövlətləri arasında bugünkü qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər onların aydın siyasi seçimləri, qətiyyətli mövqeləri və qabaqcadan düşünmək cəsarəti sayəsində addım-addım qurulub.
Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilməsinin xüsusi əhəmiyyəti var. Bu Zirvə görüşündə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri geniş müzakirə olunacaq.Görüşdə həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapacaq. Bəli,bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bundan sonra da bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün Türk dövlətləri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir. Hər bir Zirvə görüşü, birliyimizin gücləndirilməsinə yönəlmiş növbəti addım olur.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri