Gənclik cəmiyyətdə böyük qüvvədir
Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə hamilik edib onların qüvvəsindən səmərəli istifadəni ölkəmizin gələcəyi üçün başlıca amil adlandıran Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə dövlət siyasətinin başlıca istiqaməti kimi diqqət artırıldı. «Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır» sözləri ilə ölkəmizin gələcəyini etibar etdiyimiz yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1997-cı ildə Gənclər Gününü təsis etməklə də gənclərə qayğısını reallaşdırdı. Azərbaycanı gənclər ölkəsi adlandıran Ulu Öndər müstəqil dövlətimizin qarşıdakı illər üçün inkişaf konsepsiyasını gənclərin cəmiyyətdə rolunun artırılmasını təmin edəcək prioritetlər əsasında formalaşdırdı.
Ötən əsrin 70-80-ci illərində ölkə gənclərinin ixtisaslı kadr kimi yetişdirilməsini başlıca məqsəd kimi qarşıya qoyan, azərbaycanlı oğlan və qızların SSRİ-nin tanınımış ali məktəblərində təhsillərini davam etdirmələri üçün ciddi səy göstərən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra özünü doğruldan təcrübəsini davam etdirdi. Müstəqil ölkə olan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün təkmil konsepsiya hazırlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc bu layihəyə cəlb edildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün «Prezident təqaüdü» təsis edildi. Gənclərin ümumi maraqlarına uyğun keçirilən forumlarda qarşıya qoyulan «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» vəzifəsi yeni nəslin nümayəndələrinin fəallığını daha da artırdı. Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, 2 fevral tarixinin hər il ölkəmizdə Gəncləri Günü elan edilməsi mütərəqqi təcrübə kimi MDB məkanında və Şərqi Avropa ölkələrində dəstəkləndi. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə yeni nəslin qarsısında duran məqsəd və vəzifələr daha aydın və dəqiq göstərildi: Vətənpərvərlik, milli təfəkkürə əsaslanan azərbaycançılığa sadiqlik, ölkəmizin qüdrətlənməsi naminə fəallıq.
Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Azərbaycan gəncliyinin yenilməz qüvvəsindən məqsədyönlü istifadə edən Prezident İlham Əliyev gənclər siyasətinin daha geniş miqyasda tətbiqi üçün yeni imkanlar yaratdı. «İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar» sözləri ilə gələcəyimiz olan yeni nəslin nümayəndələrində özünə güvəni artırdı. Onların XXI əsrin tələbi olan yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə, kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaradıldı.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı