Analitika

Gənclərin İnkişaf və Karyera Mərkəzi sağlam gəncliyin inkişafına töhfəsini verməkdədir

Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır. Cənab Prezidentin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 46 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu ilin sonunadək isə ölkənin bütün şəhər və rayonlarda mövcud Heydər Əliyev mərkəzlərində də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

Gənclərin İnkişaf və Karyera Mərkəzi vətənpərvərlik və dövlətçilik, könüllülük və sosiallaşdırılma, karyera quruculuğu və şəxsi inkişaf yönümündə mühüm fəaliyyət həyata keçirir. Bunlara misal olaraq, Qarabağ torpaqlarının işğaldan azad olunmasına həsr olunmuş bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində gənclər tərəfindən işğaldan azad olunmuş rayonlarımızın mədəniyyəti, incəsənəti, tarixi, şəhidlərimizin doğum günlərinə həsr olunmuş təqdimatlar, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlar haqqında posterlər, təqdimat və videoçarxlar hazırlanaraq, daha böyük kütləyə nümayiş etdirilir. Bundan əlavə, Gənclərdən ibarət qruplar onlayn resurs və tərəfdaş qurumlar vasitəsilə öz yaşadığı ərazidə yerləşən tarixi və çağdaş memarlıq abidə və tikililəri barəsində ilkin olaraq məlumat toplayır. Toplanılan məlumatlar əsasında daha böyük qruplarla həmin məkanlara ziyarətlər təşkil olunur. Layihədə gənclər regionun tarixini öyrənir, birlikdə maraqlı vaxt keçirirlər.

Şəhər, rayon ərazisində yerləşən məktəblərdə təhsil alan gənclərə Ulu Öndər Heydər Əliyev irsinin aşılanması istiqamətində təqdimatlar nümayiş olunur. Təqdimat zamanı gənclərə Heydər Əliyevin gənclər siyasəti və siyasi ideologiyası barədə məlumatlar verilir. Silsilə tədbirlər çərçivəsində intellektual yarışlar və Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil edilir.

Könüllülük və sosiallaşma layihəsi çərçivəsində Müxtəlif nümayəndəliklərdən və digər qurumlardan olan könüllülər arasında görüşlər keçirilir və təcrübə mübadiləsi təmin olunur. Qeyd edək ki, layihənin məqsədi gənclərin digər təşkilatların və hərəkatların könüllüləri, onların fəaliyyətləri, layihə və tədbirləri ilə yaxından tanış olmasıdır. Regionlarda ekoloji cəhətdən çirklənmiş ərazilərin təmizliyi, gənclər arasında heyvansevərliyin və təbiətə qayğının təbliği, o cümlədən, region gənclərinin tarixi abidələrə olan diqqət və marağının artırılması məqsədilə keçirilən layihə sistemli şəkildə həm gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, həm də onların təbiətə və tarixi abidələrə olan bağlılığının artırılmasına səbəb olur. Layihə çərçivəsində ekoturizm zonası elan edilən ərazilərə, meşə massivlərinə ekoturistik səfərlər edilir. Bölgədə çirklənmədən əziyyət çəkən ərazilərdə təmizlik işləri həyata keçirilir, ekoçantalar hazırlanır.

Karyera quruculuğu sahəsində fəaliyyətlər gənclərə özlərini inkişaf etdirmələri üçün sadəcə ənənəvi tədris ilə kifayətlənməyib, həyatlarının hər mərhələsində şəxsi və peşəkar inkişafın vacib olmasını aşılamaq məqsədilə təşkil olunur. Fəaliyyətlərdə mütəxəssis və ekspertlər tərəfindən gənclərin hədəflərinin müəyyənləşdirilməsi, müasir təhsil metodları, şəxsi inkişafın və məsuliyyətin dərk edilməsi istiqamətində mövzular əhatə olunur. Təhsildən yayınan gəncləri, şagirdləri təhsilə həvəsləndirmək məqsədilə müxtəlif ixtisas qrupları üzrə gənclər üçün seminarlar keçirilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi azərbaycançılıq məfkurəsini daha da möhkəmləndirilərək müstəqil Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsinə təkan verir!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button