Gənclər Siyasəti
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 1991-ci ildə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.
Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə – Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.
1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.
Ölkə başçısı İlham Əliyevin çıxışlarında hər zaman Azərbaycan gəncliyinə göstərilən yüksək inam və etimad kimi çağırışların olması da daim diqqət çəkir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyə gənclərə çağırışlar edən dövıətimizin başçısı onların rifahına xidmət edən mühüm Dövlət proqramlarını təsdiq edərək, gəncliyin inkişafını stimullaşdıran Fərman və sərəncamlar imzalayır. Ötən müddət ərzində bu istiqamətdə “Azərbaycan gəncliyi Dövlət proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər), “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları təsdiq edilmişdir. Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradıb. Məhz bunun bariz nümunəsidir ki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
“Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də onlara göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Cavadzadə Nahidə,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi