
Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçısıdır. 1918-ci il iyunun 26-da əsası qoyulan Azərbaycan Ordusu bu gün regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir. Hər il qeyd olunan Silahlı Qüvvələr Günü xalqımızın öz ordusuna olan sevgisinin və ehtiramının ifadəsidir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Pərakəndə silahlı dəstələr ləğv edildi, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Bu siyasət gələcək qələbələrin təməlini yaratdı və ölkəmizin müdafiə qabiliyyətini gücləndirdi.
Müstəqillik illərində hərbi təhsil sisteminin inkişafı xüsusi diqqət mərkəzində saxlanıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Hərbi Akademiyanın və digər hərbi təhsil müəssisələrinin fəaliyyəti peşəkar zabit kadrlarının hazırlanmasına böyük töhfə verdi. Bu gün Azərbaycan Ordusunun uğurlarının əsasında məhz peşəkar kadr potensialı dayanır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu daha da sürətləndi. Ordumuz ən müasir silah və texnika ilə təchiz olundu, hərbi büdcə dəfələrlə artırıldı, hərbçilərin sosial müdafiəsi gücləndirildi. Azərbaycan hərbi sənayesinin yaradılması isə müdafiə qabiliyyətimizi daha da möhkəmləndirdi.
2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu uğurlar göstərdi ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir və xalqın böyük etimadını doğruldur.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğaldan azad etdi. Şuşanın azad olunması isə qələbənin zirvəsinə çevrildi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycan dövləti bütün ərazilərində konstitusiya quruluşunu təmin etdi və tarixi ədalət tam şəkildə bərpa olundu.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



