AnalitikaGündəm

Füzulinin azad olunması Ordumuzun Zəfər yürüyüşünə yol açdı

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olundu.

Azərbaycan ordusu 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və rayonun bir çox kəndini işğaldan azad etdi. Bu əməliyyat zamanı Ordumuz Ermənistanın qurduğu möhkəm müdafiə xətlərini yararaq strateji üstünlük əldə etdi. Füzuli əməliyyatı cənub-şərq cəbhəsində baş verən  ağır döyüşlərdən biri olmuşdur və bu döyüşlərdə Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərmişdir.

Füzuli şəhərinin işğaldan azad edilməsi 2020-ci ilin İkinci Qarabağ müharibəsinin ən əhəmiyyətli hadisələrindən biridir. Bildiyimiz kimi, Füzuli şəhəri və rayonunun böyük hissəsi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və bu müddət ərzində ciddi dağıntılara məruz qalmışdı. Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatlarının bir hissəsi olaraq həyata keçirilmişdir.

Füzuli şəhəri işğaldan azad edildikdən sonra şəhər və ətraf kəndlərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İşğal dövründə şəhər ciddi dağıntılara məruz qalmış və demək olar ki, tamamilə xarabalığa çevrilmişdi. Hazırda isə Füzuliyə yenidən həyat qayıtmış və insanlar öz doğma yurdlarına qayıtmağa başlamışlar. Burada yeni infrastruktur layihələri həyata keçirilir. Bu layihələrə yeni yolların, məktəblərin, xəstəxanaların və digər ictimai binaların tikintisi daxildir. Şəhərin mərkəzi hissəsində yeni parklar və yaşıllıq sahələri salınır, həmçinin müasir yaşayış kompleksləri inşa edilir.

Füzuli şəhərinin bərpası həm də tarixi və mədəni abidələrin yenidən qurulmasını əhatə edir. Bu abidələr arasında qədim türbələr və məscidlər də var. Şəhərin bərpası ilə bağlı işlər davam edir və yaxın gələcəkdə Füzuli yenidən çiçəklənən bir şəhərə çevriləcəkdir.

Paşayeva Ayşən,
Xəzər rayonu, 262 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button