Analitika

Füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi bizi çox sevindirdi

Bildiyimiz kimi, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli Şəhəri Günündə bu ilin avqustundan doğma yurdlarına qayıtmış bir qrup Füzuli sakini ilə görüşüb səmimi söhbət edib. Çıxışı əsnasında ölkə başçısının fikirləri hamı tərəfindən rəğbətlə qarşılanıb. -İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir.

Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə.

Şəhidlərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.  Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar.

Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. İşğal dövründə biz elə bir gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də getdilər.

Gövhər Əliyeva,
Xəzər rayonu,
120 №li tam orta məktəbin coğrafiya müəllimi

 

Oxşar Xəbərlər

Back to top button