Analitika

“Əziz Şuşa, sən azadsan!”

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Azərbaycan xalqı otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadı, lakin bu ədalətsizliklə barışmadı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazılırdı, igid oğullarımız dayanmadan irəliyə gedirdi. Qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Hər bir gün Azərbaycan xalqı üçün sevinc, qürur, Qələbəyə bir addım da yaxınlaşmaq demək idi. Lakin 2020-ci il noyabrın 8-də hər bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi bir hadisə yaşandı. Otuz illik torpaq həsrətinə son qoyan Vətən müharibəsinin 43cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğalçılardan azad edilməsi xəbərini verdi. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi idi, illərin həsrətinin sona yetməsi demək idi.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.Musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəstələnib.

Vaxtilə Ümummilli lider Heydər Əliyev Şuşanı «Abidələr şəhəri» adlandırmışdı. 870 metr uzunluğundakı Qala divarları tarixi memarlıq və şəhərsalma mədəniyyətinin simvolu idi.Aşağı və Yuxarı Gövhər ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı. Bu şahanə məbədin sırasında dayanan 17 məscid də şəhərə xüsusi gözəllik və müdriklik gətirirdi. Bu Qala divarları Şuşaya xüsusi əzəmət verirdi. Onun hər iki tərəfində olan Gəncə, İrəvan qapıları şuşalıların dəyanətini, əzmini, qəhrəmanlıq mübarizəsini yaşadırdı. Dəfələrlə yadellilər bu divarları deşik-deşik etsələr də, onu sərt hücumlara məruz qoysalar da, şuşalılar sinələrini qalxan edərək şəhərlərini şərəflə qoruya bilmişdilər. Bürclərdə, hücrələrdə babalarımızın qeyrəti, mənliyi daşlaşaraq Şuşanı alınmaz qalaya çevirmişdi. Şuşada hər bir ev, küçə, məscid, əzəmətli qəsr qalıqları onun şərəfli keçmişindən xəbər verirdi.1992-ci il mayın 8-də işğala məruz qalan şəhərin daş kitabələri dərin dərələrə atıldı, abidələr darmadağın edildi, yandırıldı, imarətlər külə döndərildi. Ən dəhşətlisi də o idi ki, məscidlərimizə murdarlıq gətirdilər, onlar Allah evini dağıtdılar. Halbuki Şuşada ermənilərə aid heç bir maddi mədəniyyət abidəsi olmayıb.

Lakin bunların hamısı artıq geridə qaldı.Şuşa azaddır!Hər il olduğu kimi, hal-hazırda yaşadığımız dövr – 2022-ci ilimiz də ilk gündən uğurlu oldu. Ali Baş Komandanımız, Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezident İlham Əliyev 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir. 44 günlük Vətən müharibəsi başladığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşa xəbərini gözləyirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi milləti belə düşünməyə vadar edirdi. Hələ 2020-ci ilin oktyabr ayında, döyüşlərin qızğın getdiyi günlərdə Prezident İlham Əliyev xarici media nümayəndələrinə verdiyi müsahibə zamanı bu məsələyə toxunmuşdu: “Şuşasız bizim işimiz yarımçıq qalar”.

Bəli, məhz Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu il artıq ilk məcburi köçkün ailələri öz dədə-baba torpaqlarına qayıdacaqlar. İllər öncə Ulu Öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. 28 illik həsrətdən sonra Şuşa azadlığına qovuşanda isə Xilaskar İlham Əliyev isə Şuşanı belə dəyərləndirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Odur ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin uğurları daha da artacaq, xalqımızın inkişaf və intibahı sürətlənəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla bundan sonra da irəliləyəcək, ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlara imza atacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi üçün il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Ələkbərova Bahar,
Xəzər rayonu, 121 saylı tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button