Analitika

Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

Bu günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bu sahədə əməkdaşlığın qurulması istiqamətində mühüm addımlar atılır. Ölkəmiz bu sahədə də zəngin potensiala malikdir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Həyata keçirilən “yaşıl enerji” layihələri, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ölkəmizin bərpaolunan enerji keçidinə sadiqliyinin göstəricisidir. Yaşıl enerjiyə keçid istiqamətində Azərbaycan dövləti çox fəal çalışır və müsbət nəticələr əldə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb. Prezident İlham Əliyev “Euronews”a müsahibəsində  ölkəmizin enerji siyasətində tutduğu uğurlu yol və yaşıl enerji layihələrinin gələcək perpektivləri haqqında ətraflı danışdı. Həmin müsahibədə “Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır”, – deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə əməli işlər həyata keçirildiyini vurğulayıb. Məsələn, dövlətimizin başçısı konkret olaraq bildirib ki, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a  ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bununla da Prezident İlham Əliyev COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə, eləcə də dünyanın enerji sisteminə yeniliklər bəxş edəcəyinə diqqət çəkib. Şübhəsiz, bütün bunlar ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.

Həmin müsahibədə bir diqqət çəkən məqam da var. Belə ki, Prezident İlham Əliyev bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır: “Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Natiq Mahmudov,
Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı 

Oxşar Xəbərlər

Back to top button