Analitika

Əsrlərin sınağından çıxmış qardaşlıq

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə-erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.

Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir. Bu görüş hər iki dövlət üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə lideri bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini bildirib. O, fevralın 7-də keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışaraq deyib: “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”. Həmçinin, Türkiyə Prezidenti Qars-Naxçıvan dəmir yolu layihəsinin, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə prioritetlərdən olduğunu qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib.

Azərbaycanla-Türkiyə əməkdaşlığından bəhs edən Prezident Ərdoğan ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi yardımından bəhs edərək Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikdiyini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”.

Hər iki dövlət başçıının media qarşısında çıxışına əsasən, Azərbaycan-Türkiyə əlaqələrinin perspektiv inkişafını aşağıdakı kimi sıralamaq olar: iki ölkə arasında siyasi sahədə əməkdaşlığın davam etməsi; enerji daşıyıcılarına dair yeni layihələrin reallaşacağı; yol-nəqliyyat layihələrinin genişlənməsi, ticarət dövriyyəsi həcminin artırılması; Türk Dövlətlər Təşkilatında əməkdaşlığın genişləndirilməsi; aniterror əməliyyatlarında birgə əməkdaşlıq, müdafiə sənayesi sahəsində ortaq fəaliyyət; gənc nəslin yetişdirilməsi istiqamətində yeni layihələrin reallaşması; Türkiyə-Azərbaycan təhsil sistemində birgə layihələrin reallaşması; iki ölkə arasında hərbi sahədə, ordu quruculuğunda əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etməsi və s.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş ölkəyə növbəti səfəri iki dövlət arasındakı dostluğun, qardaşlığın nə qədər möhkəm olmasına bir daha bariz nümunədir.

Elnarə İskəndərova,
Xəzər rayonu, 125 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button