
2025-ci ilin avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı oraya ilk köç edən yerli sakinlərlə görüşündə səsləndirdiyi fikirlər həm daxili, həm də xarici siyasət baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Cənab Prezidentimizin “Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür” bəyanatı, 2020-ci ilin Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın diplomatik təşəbbüskarlığını və siyasi iradəsini açıq şəkildə ortaya qoyur.
Dövlət başçımızın bu ifadəsi, Ermənistanla uzun illər davam edən münaqişənin hərbi və siyasi mərhələlərinin yekunu olaraq formalaşan sülh gündəminin artıq Azərbaycanın nəzarətində olduğunu təsdiqləyir. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla başlanğıcını tapan post-müharibə dövrü, Azərbaycan üçün yalnız ərazilərin bərpası deyil, həm də regional geosiyasi düzənə yön vermək dövrüdür.
Prezident İlham Əliyevin bəyanatı təsdiqləyir ki, Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinin təşəbbüskarı və baş memarı məhz Azərbaycandır. Bu, faktiki olaraq beynəlxalq hüquq prinsiplərinə əsaslanan, ədalətli və davamlı sülhün təmin olunmasında Azərbaycanın aparıcı rolunu vurğulayır.
2021-ci ildən etibarən Azərbaycan dəfələrlə Ermənistanı sülh müqaviləsi imzalamağa dəvət etmiş, bunun üçün əsas prinsipləri də irəli sürmüşdür. Bu prinsiplər dövlətlərin qarşılıqlı suverenliyi və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiqindən və təhdiddən imtina, nəqliyyat-kommunikasiya yollarının açılması və qarşılıqlı əməkdaşlıq kimi əsas müddəaları əhatə edir.
Azərbaycanın irəli sürdüyü sülh prinsipləri yalnız regional deyil, beynəlxalq ictimaiyyət tərəfindən də geniş dəstək qazanmışdır. Avropa İttifaqı, Rusiya, Türkiyə və digər aktorlar bu yanaşmanı konstruktiv və reallığa əsaslanan diplomatik xətt kimi qiymətləndirmişdir.
Azərbaycanın diplomatik hazırladığı sülh layihəsi, bir tərəfdən hüquqa əsaslanaraq beynəlxalq legitimliyi gücləndirir, digər tərəfdən isə regional sabitlik üçün uzunmüddətli zəmin yaradır.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra diplomatik müstəvidə də ardıcıl liderlik nümayiş etdirir. “Sülh müqaviləsinin müəllifi də bizik” fikri, yalnız Ermənistan qarşısında irəli sürülən şərtlər və sənəd layihəsi ilə deyil, həm də bölgədə gələcək nizamın qurulmasında Azərbaycanın təməlqoyucu rolu ilə bağlıdır.
Bu bəyanat həm də daxili auditoriyaya ünvanlanmış mühüm mesajdır: Azərbaycan xalqı bilməlidir ki, dövlət yalnız torpaqları azad etməklə kifayətlənmir, həm də bölgədə davamlı sülhün, təhlükəsizliyin və inkişafın təminatçısı kimi çıxış edir.
Azərbaycanın müəllifi olduğu sülh müqaviləsinin əsaslandığı prinsiplər universal xarakter daşıyır və Ermənistan üçün də sülhə aparan yeganə real yoldur. Prezident İlham Əliyevin bəyanatı, dolayısı ilə Ermənistan rəhbərliyinə bir daha xatırladır ki, prosesin mərkəzində Azərbaycanın suveren hüquqları dayanır və qeyri-real tələblərlə danışıqları uzatmaq mümkün deyil. Azərbaycanın sülh təşəbbüsləri güc mövqeyindən irəli gəlir, lakin bu güc revanşist yanaşmalar üçün deyil, dayanıqlı və qarşılıqlı faydalı əməkdaşlıq üçün yönəldilir.
Prezident İlham Əliyevin Kəlbəcərdə verdiyi bəyanat, Azərbaycanın Cənubi Qafqazda sülhün təminatçısı və təşəbbüskarı olduğunu növbəti dəfə təsdiqlədi. Müharibəni qalib başa vurmuş bir dövlətin sülh təşəbbüsləri iradə, məsuliyyət və uzaqgörənlik tələb edir. Prezidentin “Sülh müqaviləsinin müəllifi də bizik” fikri həm bu uzaqgörənliyin ifadəsi, həm də gələcək üçün strateji yol xəritəsinin əsas sütunudur.
Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini