Ermənilərin Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı etnik təmizləmə və deportasiya siyasətini daha da böyük miqyasda tanıdacağıq
“Tariximizin müxtəlif dövrlərində qərbi azərbaycanlılar öz doğma yurdlarında təqib olunub, qanunsuz olaraq deportasiyalara məruz qalıb. Təkcə son əsrdə üç dəfə soydaşlarımıza qarşı etnik təmizləmə həyata keçirilmişdir. Uzun müddət bu hadisələrə hüquqi-siyasi qiymət verilməmiş, soydaşlarımızın təbii hüquqları kobud şəkildə pozulmuşdur. 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda xüsusilə qeyd olunurdu ki, bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə, onun vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakına zidd olan mövqeyi də az rol oynamamışdır”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
“Zəngin mədəni və tarixi irsə sahib olan Qərbi Azərbaycan əcdadlarımızın qədimdən yaşadığı torpağımızdır. 1920-ci ildə Sovetlər İttifaqı yaranan zaman ittifaq ölkələrinin sərhədləri müəyyənləşəndə heç bir əsas olmadan Azərbaycana qarşı böyük ədalətsiklik edilib və Qərbi Azərbaycan zorla qopardılaraq Ermənistana birləşdirilib. Bu Azərbaycanı Naxçıvandan və Türkiyədən və ümumilikdə türk dünyasından coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Bunu bir çox tarixi sənədlər, mənbələr və xəritələr də təsdiqləyir. Tarixi diyarımız olan Qərbi Azərbaycanın bütün toponimlərinin adları Azərbaycan mənşəlidir. Çünki bu ərazilərdə həmişə azərbaycanlılar yaşayıb və yaradıb. Çirkin erməni xisləti Qarabağdakı kimi, Qərbi Azərbaycanda da özünü göstərib və bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Amma nə qədər çalışsalar da azərbaycanlıların tarixi irsini yox etməyə nail ola bilməyiblər” – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün isə vəziyyət tam fərqlidir. İndi bizimlə heç kim güc dilində danışa bilməz. Bu gün işğaldan azad olunmuş Qarabağa qayıdışın reallıq olduğu kimi, yaxın gələcəkdə Qərbi Azərbaycana qaydış da reallıq olacaq:
“Bu məqsədilə yeni konsepsiyalar işlənir. İnsanlar oradan məcburən köçürülüb, evlərindən heç bir şey götürmədən çıxıblar. Deportasiya olunan insanların o dövrkü pasportları da qalır. Biz qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün beynəlxalq səviyyədə ciddi işlər aparmalıyıq, Ermənistanın yüz minlərlə insanı deportasiya etdiyini, etnik təmizləmə həyata keçirdiyini, Ermənistan adlanan qondarma dövlətin yerləşdiyi torpaqların azərbaycanlılara məxsus tarixi torpaqlar olduğunu dünyaya ardıcıl iş aparmaqla tanıda bilərik. Cənab Prezident Qərbi Azərbaycanla bağlı mövcud kitabların müxtəlif xarici dillərə çevrilib çap olunması və dünyada yayılması ilə bağlı tapşırıq verib. Yeni fəaliyyət planında bu məsələ də nəzərə alınacaq. Bu, bizim vəzifəmizdir. Dünya ictimaiyyətinə öz haqlı mövqeyimizi sübut edəcəyik”.
Rəşadət Xalıqov əlavə edib ki, dövlət başçısı soydaşlarımızın öz yurdlarına qayıdışı məsələsini dəfələrlə ifadə etmişdir. Bu baxımdan Prezident İlham Əliyevin dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü, yerli və dünya ictimaiyyətinə verdiyi mesajlar böyük əhəmiyyətə malikdir.