Analitika

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.   

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaqdı. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görmüşdür.

“Böyük Ermənistan” vədi ilə qızışdırılan ermənilər aldıqları silah-sursat və maddi qaynaqlarla təşkilatlanır, təlimatlandırılır və genişmiqyaslı cinayət hadisələrinə imza atırdılar. O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini sübut edir.

Hələ XX əsrin əvvəllərində çarizmin Qafqazdakı canişini qraf Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda “münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayətedəcəyini” bildirmişdi.Faktlar təsdiqləyir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 105 il əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda əhali ağır işgəncələrlə qətlə yetirilirdi.1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik-daşnak hərbi dəstələri Bakı şəhərində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirməyə başladı. Üç gün davam edən Bakı qırğınları zamanı əksinqilabçı və müsavatçı adı ilə 12 min dinc əhali amansızlıqla qətlə yetirildi. Bolşevik-daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası, Şərqin ilk teatrı olan “Tağıyev teatrı”, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı və “Təzə pir”məscidi dağıdıldı. Bununla da, sadəcə, insanlar soyqırımına məruz qalmadı, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də məhv edildi.

1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edir.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması da buna bariz nümunədir. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı da minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə tarixə yazılıb. Separatçı ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb.Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı. Ötən 20 ildə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxan tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. 

Ölkə Prezidenti İlham Əliyevin ermənilərin 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə imzaladığı Fərman tariximizin hər bir səhifəsinin bizim üçün əziz olduğunu nümayiş etdirir.

Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsixalqımıza qarşı törədilən soyqırımı siyasətinə ən tutarlı cavabdır.

Xancanova Hüsnüyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button