Əlimizdə olan bütün imkanlarla qardaş xalqın yanındayıq
Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ, təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının olması Azərbaycan xalqını dərindən üzmüşdür. Azərbaycanın “Bir millət, iki dövlət” prinsipindən çıxış edən rəsmi qurumları, o cümlədən ictimaiyyət təmsilçiləri qardaş Türkiyəyə dəstəklərini bu və ya digər şəkildə açıqlayırlar. Dövlətimizin başçısı Cənab İlham Əliyev Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsidir. Prezident İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir” sözlərinin böyük məna yükü var. Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu günə qədər Türkiyəyə 7 təyyarə və 14 yük avtomobili ilə humanitar yardım göndərib. Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin 10 hərbi həkimi və 8 tibb bacısı da zəlzələ bölgəsində xidmət edir.
Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər 6 fevral tarixində Türkiyəyə yola salınıb.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirdi ki, biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətin baş verdiyi həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi.
Biz bununla bir daha sübut etdik ki, Türkəyin, türk xalqının dərdi bizim də dərdimizdir və son ana qədər qardaşlarımızın yanındayıq.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı