
Azərbaycan dili olduqca zəngin və bədii ifadələrlə dolu, dərin fikirləri ən incə çalarlarınadək ifadə etmək qüdrətinə malik olan bir dildir. Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, sovet hakimiyyəti illərində biz bu dili qoruduq, saxladıq və inkişaf etdirdik. O, Azərbaycan dilinin qrammatik quruluşunun yüksək səviyyədə olduğunu və şeirə bənzədiyini xüsusilə vurğulayırdı.
Müstəqilliyimizin bərpasından sonra latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin edilməsi milli inkişafımızda həlledici addım oldu. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi təmin edildi. Ardınca, Azərbaycan Milli Ensiklopediyasının və dünya ədəbiyyatı incilərinin ana dilimizdə nəşri gerçəkləşdi.
Milli və bəşəri dəyərləri ehtiva edən Azərbaycan dilinin zənginliyinin gələcək nəsillərə ötürülməsi hər kəsin ümdə vəzifəsidir. Bunun üçün isə ilk növbədə dilimizi kənar və süni sözlərdən qorumalıyıq.
Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı



