Efkan Ala: Azərbaycan və Türkiyə bütün taleyüklü məqamlarda qardaşlıq nümunəsi ortaya qoyurlar
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə görüş keçirilib.
YAP-ın mətbuat xidmətindən “Aktualinfo.az”-a bildiriblər ki, Efkan Ala istər Prezident İlham Əliyevin, istərsə də YAP-ın nümayəndə heyətinin Türkiyəyə səfərinin zəlzələnin ağır fəsadlarını yaşayan Türkiyə xalqına böyük mənəvi dəstək kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bütün taleyüklü məqamlarda Azərbaycan ilə Türkiyənin qardaşlıq nümunəsi ortaya qoyduğunu, Türkiyədə zəlzələdən əziyyət çəkənlərə Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən yüksək dəstəyin bu reallığın bariz örnəyi olduğunu diqqətə çatdırıb.
Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ikinci ölkələrin olmadığını söyləyən Efkan Ala deyib: “Qardaşlarımızın dəstəyi ilə bu sınaqdan da alnıaçıq çıxacaq, qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcəyik”.
Zəlzələ nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, qardaş Türkiyə xalqına başsağlığı verən, xəsarət alanlara şəfa diləyən Tahir Budaqov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. O, iki dost, qardaş və strateji müttəfiq ölkənin daim bir-birinə qətiyyətli dəstək ifadə etdiyini, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının öz əməli təsdiqini tapdığını söyləyib. “Türkiyə-Azərbaycan münasibətləri, dostluğumuz, qardaşlığımız dünyaya örnəkdir və ikinci belə nümunə yoxdur”, – deyən YAP Sədrinin müavini Azərbaycan xalqının və dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş Türkiyəyə dəstəyinin davamlı olduğunu bildirib.
“Prezident İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı qardaş Türkiyənin zəlzələnin nəticələrini tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi”, – deyə vurğulayan Tahir Budaqov bildirib ki, son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr, qazanılmış uğurlar nəticəsində Türkiyənin potensialı və gücü kifayət qədər artıb, qardaş ölkə dünya miqyasında söz və nüfuz sahibinə çevrilib. Şübhə yoxdur ki, “Böyük və güclü Türkiyəni birlikdə quraq” çağırışı ilə çıxış edən Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə acı faciənin nəticələrini tezliklə aradan qaldıracaq, bütün hədəflərini gerçəkləşdirəcək.
Görüşdə YAP ilə AK Parti arasında iki il əvvəl imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində görülən işlərin cari vəziyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.