Analitika

Dünyəvi və parlamentli respublika

28 May Azərbaycan Respublikasının Müstəqillik günüdür. Bu gün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Müstəqillik gününün Azərbaycan tarixində önəmli yer tutması ilə yanaşı, onun bu günə gəlib çatan çətin və keşməkeşli yolu olmuşdur.

Çar Rusiyası bir dövlət kimi tarixin səhifələrindən silinən kimi,onun müstəmləkəsinə çevrilmiş bir çox xalqlar müstəqillik uğrunda mübarizəyə başlamışdır və bu mübarizənin ön cərgələrində Aərbaycan xalqı yer tutmuşdur. Doğrudur əsrlər boyu xalqımız müstəqilliyə çatmaq üçün mübarizə aparmışdır,lakin müstəqilliyi XX əsrin əvvəllərində əldə etmək mümkün oldu.

1918-ci ilin 28 mayında Azərbaycan Demokratik Cümhuriyyətinin İstiqlal Bəyənnaməsi elan edildi və beləliklə, nəinki Zaqafqaziyada,o cümlədən bütün müsəlman aləmində ilk müstəqil dövlətin təməli qoyuldu.Bu dövlət siyasi çarpışmalar və çox çətin beynəlxalq şəraitdə qurulmuşdur.Hər tərəfdən bu müstəqil dövlətə siyasi,iqtisadi və hərbi təzyiqlərin güclənməsi şəraitində Cümhuriyyətin ömrü yalnız 23 ay oldu. Lakin bu 23 ay ərzində Azərbaycanda böyük işlər görüldü,ölkəmiz beynəlxalq aləmdə tanındı,ilk dəfə Azərbaycanda demokratik ənənələrə söykənən qanunlar qəbul edildi, ölkəmizdə milli Ordunun əsası  qoyuldu,ölkədə asayişin qorunması üçün ilk milis dəstələri yaradıldı, ədliyyə sistemi quruldu. Şərq aləmində ilk parlament məhz Azərbaycanda yaranıb fəaliyyətə başladı. Ölkəmiz müstəqillik əldə edəndən sonra ana dili dövlət dili səviyyəsinə qaldırıldı, milli mətbuat, təhsil, səhiyyə və digər sahələr fəaliyyətə başladı.

Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətdə olduğu ilk günlərdə ölkənin milli atributlarını – Himnini, Bayrağını və Gerbini hazırlayaraq müstəqilliyimizi bütün dünyaya bəyan etdi. Fəaliyyətə başladığı ilk günlərdən beynəlxalq əlaqələrin qurulmasına, ölkəmizin müstəqil dövlət kimi tanınmasına xüsusi önəm verilmiş və bu sahədə gərgin əmək sərf olunmuşdur. Lakin bolşevik Rusiyasının Azərbaycana təcavüzü bu işlərin yarımçıq qalmasına, Cümhuriyyəti elə bələkdəcə boğulmasına səbəb oldu. 1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi milli dövlətçiliyimizin aradan qaldırılmasına, müstəqil və azad Azərbaycan dövlətinin ictimai xadimlərinin, dövlət xadimlərinin həbs edilib məhv edilməsinə gətirib çıxardı. Bununla boloşeviklər xalqımızın müstəqillik hisslərini boğub məhv etməyə cəhd edirdilər.

23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti tarixdə silinməz izlər qoymuşdur, onun adı və vənələri xalqın yaddaşında qalmış və gənc nəslə ötürülmüşdür. Yetmiş il davam edən bolşevik təcavüzü xalqımızın yaddaşından milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi poza bilmədi. Biz dilimizin müqəddəsliyini bu yetmiş ildə də qoruyub saxlaya bildik, biz tariximizin şanlı səhifələrini bu günə çatdıra bildik. Əgər bir xalqın dilini, adətini və tarixini qorumaq mümkündürsə, həmin xalq yaşayacaq, mübarizə aparacaq və nəhayət müstəqilliyini əldə edə biləcəkdir.

Fəaliyyətinin 23 ayında Azərbaycan Cümhuriyyəti xalqın milli şüurunu oyatdı,ölkəmizi beynəlxalq aləmə çıxardı və Azərbaycanı müstəqil dövlət kimi tanıtdı. Buna görə də Azərbaycan Cümhuriyyətinin tariximizdə böyük və silinməyən rolu vardır.

XX əsrin 80-cı illərindən başlayaraq keçmiş SSRİ-nin müxtəlif respublikalıarında azadlıq mübarizəsi başlandı, SSRİ-nin bir dövlət kimi çökməsi bu mübarizəni daha da gücləndirdi. Hər yerdə gedən azadlıq mübarizəsinin ön sıralarında yenə Azərbaycan var idi, yenə azərbaycanlılar var idi. 70 il ərzində xalqımızın hüquqları tapdalanmışdı, torpaqlarımız hədiyyə kimi ona-buna paylanmışdı, təbii sərvətlərimiz talanmışdı. Bütün bunlara son qoymaq üçün xalqımız azadlıq mübarizəsinə qalxdı, ermənilərin bizə qarşı torpaq iddiaları, Qarabağda, Qarabağa yaxın ərazilərdə xalqımıza qarşı törədilən terror aktları və Ermənistandan Azərbaycanlıların deportasiyası bu mübarizəni daha da alovlandırdı. 1990-cı ilin 20 yanvarında isə Bakıda və rayonlarda bu mübarizəyə son qoymaq üçün keçmiş sovet ordusunun hissələr tərəfindən görünməmiş vəhşiliklər törədildi, dinc sakinlər gülləbəran edildi. Sovet əsgərləri bu terroru tötətməklə xalqımızı qorxutmaq istəsə də azadlıq mübarizəsi daha da genişləndi. Və Ulu Öndər Heydər Əliyevin Moskvada bəyənatla çıxış etəsi, bu terrorun səbəbkarlarının müəyyən edilib cəzalandırılması tələbi müstəqil dövlətçilik tarixində yeni eranın başlanması, yeni səhifənin yazılması oldu.

1969-cu ildə Ulu Öndər Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanın gündən-günə inkişaf etməsinə, milli adət-ənələrimizin dirçəldilməsinə, ölkədə elm və təhsilin inkişaf etdirilməsinə yönəlmiş bir siyasət formalaşdırdı. Bu siyasət Azərbaycanın milli qürurunun bərpası, müstəqilliyimizin bərpasına bir hazırlıq idi ki, H.Əliyev bunu çox böyük uzaqgörənliklə həyata keçirirdi. O,gələcəkdə müstəqil Azərbaycanı idarə edə biləcək böyük bir potensialın yetişməsinə zəmin yaratdı.

1990-cı ilin yayında Ulu Öndərin Azərbaycana qayıdışı, Naxçıvanda Milli Məclisin Sədri kimi fəaliyyətə başlaması Azərbaycan tarixində müstəqilliyin bərpa edilməsi üçün atılan ilk addım idi. Məhz Naxçıvanda 1918-ci ildə yaradılmış Azərbaycan üçrəngli Azərbaycan bayrağı 70 illik fasilədən sonra ilk dəfə qaldırıldı, Naxçıvanda Azərbaycanın müstəqilliyə gedən yolunun möhkəm təməli qoyuldu.

Ulu Öndər çıxışlarından birində bildirmişdir ki, müstəqil ölkədə dövlətçiliyi qoruyub saxlamaq çətin bir prosesdir. H.Əliyev dövlətçilimizin Azərbaycan Cümhuriyyətinin mirası kimi nəinki bərpa edilməsinə, həm də onun möhkəmlənməsinə və qorunmasına görə böyük çətinliklərə məruz qalmış, lakin buna, xalqımızın əsrlərdən bəri qorunan arzularının həyata keçməsinə nail olmuşdur. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə 1991-ci ilin 18 oktyabrında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyənnaməsinə istinad edilmiş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunmuşdur. Beləliklə bu günkü Azərbaycanın Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ideyalarını, milli siyasətini özündə əks etdirən bir dövlətə çevrilmişdir.

Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin siyasətini davam etdirməklə yanaşı Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün böyük işlər görmüşdür. Dünyanın böyük və nüfuzlu dövlətlərinin başıları ilə keçirdiyi görüş və danışıqlar, onun imzası ilə bağlanan müqavilələr ölkəmizin gələcəyindən, bu dövlətin möhkəm bünövrə üzərində duracağından xəbər verirdi. Ölkəmizin ən çətin günlərində, erməni terrorunun tüğyan etdiyi günlərdə, ölkəmizin blokadaya alındığı və torpaqlarımızın 20 faizinin işğal olunduğu bir dövrdə Ulu Öndər müstəqil dövlətimizi yaşatdı və beynəlxalq aləmdə tanıtdı. Məqsədyönlü xarici siyasət sayəsində H.Əliyev aparıcı dövlətlərin nəzərini Azərbaycana, neft Bakısına yönəldə bildi, ölkəmizi regionda siyasi cəhətdən sabit bir dövlət kimi tanıtdı. Nəticədə dünyada bağlanmış ən böyük müqavilələrdən biri, ”Əsrin müqaviləsi” bağlandı və ölkəmizin həyatında hələ uzun müddət böyük rol oynayacaq bir iqtisadi siyasətin əsası qoyuldu. Ulu öndərin xarici siyasətinin ən mühüm məqamlarından biri Ermənistanı işğalçı dövlət kimi beynəlxalq aləmdə tanıtmaq, ölkəmizin ərazisinin 20 faizinin işğal altında olduğunu beynəlxalq arenalardan dünyaya çatdırmaq, vətəndaşlarımızın iki milyona yaxınının ev-eşiyindən didərgin düşdüyünü qəbul etdirmək və ölkəmizə qarşı qurulmuş blokadanı aradan qaldırmaq idi. Onun rəhbərliyi ilə keçirilən sülh danışıqlarında Ulu Öndər Qarabağın azad edilməsini addım-addım yaxınlaşdırırdı. O,həmişə qeyd edirdi ki, Dağlıq Qarabağsız Azərbaycan yoxdur, suverenliyimiz və müstəqilliyimiz tam bərpa edilməmişdir. O, Azərbaycan Respublikasını cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri ilə qurdu, möhkəmlətdi və yaşatdı.

Bu gün ölkəmiz artıq ərazi bütövlüyünə nail olmuşdur. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin Ulu Öndərin daxili və xarici siyasətini davam etdirməsi nəticəsində 44 günlük müharibə çoxdan, 30 il gözlədiyimiz Zəfərlə başa çatdı. Torpaqlarımız düşmən tapdağından azad edildi. Ulu Öndərin Şuşa arzusu gerçəkləşdi. Bu qələbə müzəffər Prezidentimiz İlham Əliyevin apardığıməqsədyönlü siyasətin nəticəsidir. Ulu Öndər tərəfindən qurulmuş ordmuz İlham Əliyevin apardığı siyasətlə möhkəmləndi, dünyanın ən qabaqcıl silah və texnikaları ilə təchiz edildi və regionun ən intizamlı və güclü ordusuna çevrildi. Yalnız belə bir ordu ilə qələbə qazanmaq olar. Bu gün müstəqil, dünyada öz sözünü deyə bilən Azərbaycan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri aparır və çox keçməz ki, bu torpaqlar dilbər guşəyə çevrilərək bütün dünyanın diqqətini özünə cəlb edər.

Bu gün cənab Prezident İlham Əliyev müstəqil Azərbaycanın inkişafı, burda yaşayan insanların rifah halının yaxşılaşdırılması, Azərbaycanın hərtərəfli inkişafı üçün böyük siyasət həyata keçirir. Bu siyasət çox yaxın vaxtlarda öz bəhrəsini verəcəkdir. Ölkəmizdə ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilmiş ilk prezident seçkiləri və İlham Əliyevin demək olar ki, yekdilliklə Prezident seçilməsi onun apardığı siyasətin doğruluğundan xəbər verir, Ulu Öndərin illərlə bəslədiyi arzuların həqiqətə çevrilməsindən xəbər verir. Bu gün elə bir qüvvə yoxdur ki, Azərbaycanı öz yolundan saxlasın və müstəqillik yollarında ölkəmiz uğurlu addımlarını davam etdirməkdədir. Bu müstəqillik əbədidir, üçrəngli Bayrağımız daim dünyanın hər bir ölkəsində vüqarla dalğalanacaq, dünyanın hər yerində Himnimiz bir qalibiyyət nəğməsi kimi səslənəcək və səkkizguşəli Gerbimiz xeyir, bərəkət, əminamanlıq və əbədi həyat kimi hər yerdə tanınacaqdır.

Bizim müstəqilliyimiz əbəbidir, bu müstəqilliyi biz şəhidlərimizin qanı bahasına əldə etmişik, torpaqlarımızın azad edilməsi üçün şəhidlərimiz canlarını qurban vermişlər. Bu gün onların ruhu azadlığımızı, müstəqilliyimizi və suverenliyimizi qoruyur.

Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. Yaşasın müstəqil, suveren Azərbaycan Respublikası! Müstəqillik günün mübarək, şanlı Vətən!

Əliyev Akif,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button