Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır
Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz yüksəliş dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. Ölkə rəhbərliyi tərəfindən idmanın kütləviliyinin təminində böyük ugurlar əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və sənədlər imzalanır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr sırasındadır. Son illərdə olduğu kimi yola saldığımız 2021-ci il də idman sahəsində böyük uğurlarla yadda qaldı. Yanvarın 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında hər il olduğu kimi, keçən ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirmişdir. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti nəticəsində idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır – deyən dövlət başçısı bunun doğrudan da böyük nailiyyət olduğunu bildirib. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. İdman ölkəsi kimi tanınan ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları, məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir – yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılacaqdır. Bildiyimiz kimi, ötən il azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı