
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər gəlib. Səfər zamanı onu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Görüşdən sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır”.
Azərbaycanın dövlət başçısı deyib ki, üçtərəfli əməkdaşlıq layihələri geniş müzakirə olunub. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. “Hazırda biz artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq” – Prezident İlham Əliyev qeyd edib. Görüşdə, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verilib. Birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək.
Danışıqlar zamanı ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutulub. Qeyd etməyə dəyər ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Dövlət Komissiyasının sonuncu iclası 10-11 mart 2022-ci ildə Bakı şəhərində keçirilmişdir. Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri AR Baş nazirinin müavini Şahin Mustafayev, İran tərəfindən isə İİR-in yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşdır.
Gültəkin Rüstəmova,
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin direktoru